Türkiyəli tennisçi Çağla Büyükakçayla bağlı şok xəbər var.
"Football-plus.az" saytının məlumatına görə, 32 yaşlı tennisçi qadağan olunmuş maddə qəbul etdiyinə görə Beynəlxalq Tennis Federasiyası (BTF) tərəfindən qeyri-müəyyən müddətə cəza alıb. Çağla avqustun əvvəllərində Rumıniyanın Kluj-Napoka şəhərindəki turnirdə iştirak edərkən onun orqanizmindən götürülən testdə qadağan olunmuş ''Raktopamin'' maddəsi tapılmışdı. Qeyd edək ki, 32 yaşlı Çağla indiyə qədər cəmi 1 titul qazanıb. Hazırda reytinqdə 244-cü pillədə qərarlaşan tennisçi bu siyahıda ən yaxşı halda 60-cı pillədə olub (2016-nın sentyabrında). O, WTA reytinqində ilk ''100-lüy''ə daxil olan tarixdəki ilk türkiyəli xanım tennisçidi. Amma təcrübəli tennisçi indiyə qədər heç vaxt qadağan olunmuş maddə qəbul etmədiyini iddia edir. O öz ''tvitter''ində həmin maddənin orqanizminə düşməsinə belə aydınlıq gətirib:
''Raktopamin'' sözünü ümumiyətlə həyatımda ilk dəfədi eşitdim. Onu araşdırıb mütəxəssislərlərdən soruşdum. Siz də istəsəz, araşdıra bilərsiz. Bu, xüsusilə donuz və mal-qaranın əzələ kütlələrinin böyüdülməsi, eləcə də kəsilməyə hazır vəziyyətə gətirilməsi üçün heyvanlara vurulan maddədi. Apteklərdə satışına icazə yoxdu. Yalnız heyvan ticarəti ilə məşğul olan yerlər üçün xüsusi sertifikatla onun əldə olunmasına icazə verilir. Bu maddə orqanizmimə yalnız yediyim ət vasitəsilə düşə bilər. Məndən test götürülən oyundan öncə ət yediyimi artıq sübut etmişəm. Çünki yediklərimin çekini əldə etmişəm. Amma BTF mənim etirazımı rədd etdi. Yediyimə və içdiyimə çox diqqət yetirən bir idmançıyam. Zatən bu illər ərzində dəfələrlə dopinq testdən keçmişəm. Yanlış bir şey etmədiyimə əminəm. Məni tanıyanlar bilir ki, həyatımboyu dopinqdən kənar olmuşam və ondan istifadə edənləri də tənqid etmişəm. Uğurlarımı asan əldə etməmişəm ki, onları bu qədər asan şəkildə əldən verim. Özümü müdafiə etmək və adımı təmizə çıxarmaq üçün sona qədər mübarizə aparacam''.