Fransa çempionatının dünən keçirilən “Bordo” – PSJ oyunu Neymar üçün əlamətdar olub.
"Football-plus.az" saytının məlumatına görə, o, qonaq komandanın 3:2 hesablı qələbəsində dubl etməklə rol oynayıb. Hər iki halda Kilian Mbappenin ötürməsi ilə qapıya yol tapan braziliyalı hücumçu karyerasında vurduğu qollarının sayını 401-ə çatdırıb. Neymar indiyədən PSJ-də bütün turnirləri nəzərə almaqla 90, “Santos”da 136, “Barselona”da 105, Braziliya yığmasında isə 70 qol vurub.
29 yaşlı futbolçu PSJ-nin ən yaxşı bombardirlərinin siyahısında Anxel Di Mariyanı (89) arxada qoyaraq 8-ci yerə yüksəlib. Neymar indi siyahıda Edinson Kavani (200), Zlatan İbrahimoviç (156), Kilian Mbappe (139), Pauleta (109), Dominik Roşto (100), Mustafa Daleb (98) və Fransua Mpeledən (95) geri qalır.