Serbiyada keçirilən boks üzrə dünya çempionatında qızıl medal qazanan Alfonso Dominqes qələbəsini şəhidlərimizə həsr etdiyini deyib.
"Football-plus.az" saytının məlumatına görə, idmançımız bu haqda Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə danışıb.
Dominqes ilk öncə mundialdakı çıxışını şərh edib:
“Dünya çempionatında asan rəqib olmur. Hamısı güclü, ölkəsinin bir nömrəsi sayılan boksçular idi. Hər biri də Belqrada qızıl medal üçün gəlmişdi. Buna görə keçirdiyim bütün döyüşlərə final kimi çıxırdım. Demək olar ki, hər bir rəqiblə mübarizə gərginliyi ilə yadda qaldı. Amma ən çətin və həyəcanlı görüşümün kubalı Ruis Kordoba ilə keçdiyini deməliyəm. Yarımfinala təsadüf edən döyüş həm də mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Mübarizə apardığım rəqib həmyerlim idi”.
Bir ay öncə azərbaycanlı xanımla ailə quran idmançımız Belqradda Azərbaycan bayrağını yüksəltdiyi və fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün sevincli olduğunu bildirib:
“Çempion olacağıma inanırdım. Dünya çempionatına da bu istəklə yollanmışdım və bunu bacardım. Qarşıdan Zəfər Günü gəlir. Bu qələbəmi 44 günlük Vətən müharibəsi şəhidlərimizə həsr edirəm. Allahdan onlara rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Bu hamımızın, Azərbaycanın uğurudu. Bununla kifayətlənməyəcəm. İnşallah, bu qələbənin ardı gələcək. Uğurumda xüsusi payı olan Azərbaycan Boks Federasiyasına, məşqçilərimə və ailəmə təşəkkür edirəm”.
Qeyd edək ki, Alfonso dünya çempionatında ardıcıl olaraq AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev, kubalı Ruis Kordoba və braziliyalı Keno Maçadonu məğlub edib.