Türkiyə yığmasının baş məşqçisi Ştefan Kunts DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qarşıdan gələn Cəbəllütariq və Monteneqroya qarşı oyunlar üçün heyəti açıqlayıb.
Xatırladaq ki, hazırda öz qrupunda 3-cü pillədə qərarlaşan qardaş ölkənin komandası seçmə mərhələyə noyabrın 13-də Cəbəllütariqə qarşı ev və noyabrın 16-da Monteneqroya qarşı səfər oyunu ilə yekun vuracaq. Əsas yenilik Ərsin Destanoğlunun nəhayət, yığmaya dəvət almasıdı. ''Beşiktaş''ın heyətində öz oyunu ilə diqqət çəkən 19 yaşlı istedadlı əlcək sahibi karyerasında ilk dəfə yığmaya çağırılıb. Digər məqamlara gəlincə, Ozan Kabakın adı böyük ehtimalla siyahıdan çıxarılacaq. Çünki mononükleoz infeksiyasına yoluxan gənc müdafiəçi bir neçə həftə topa toxuna bilməyəcək. Bundan başqa son matçlarda yüksəlişdə olan və yaxşı performans sərgiləyən ''Trabzonspor''lu Abdülkadir Ömürün dəvət alması da diqqət çəkib. 22 yaşlı Abdülkadir sonuncu dəfə yığmanın şərəfini bu ilin mayında Türkiyənin millimizə qarşı keçirdiyi yoxlama oyununda qorumuşdu. Çoxdandı yığmadan kənar qalmayan Yusuf Yazıcıya isə bu dəfə dəvət göndərilməyib. Yaxşı formada olmayan bu futbolçu ''Lill''də gününü ehtiyat oyunçular skamyasında keçirir. Sonda tam siyahını diqqətinizə çatdırırıq:
Qapıçılar - Uğurcan Çakır (Trabzonspor), Sinan Bolat (Gent), Ərsin Destanoğlu (Beşiktaş); müdafiəçilər – Kaan Ayhan, Mərt Müldür (hər ikisi ''Sassuolo''), Zəki Çəlik (Lill), Çağlar Söyüncü (Lester), Merih Dəmiral (Atalanta), Ozan Kabak (Norviç), Canər Ərkin (Fatih Karagümrük), Rıdvan Yılmaz (Beşiktaş); yarımmüdafiəçilər - Abdülkadir Ömür, Berat Özdəmir (hər ikisi ''Trabzonspor''), Berkan Kutlu, Taylan Antalyalı, Kərəm Aktürkoğlu (hamısı ''Qalatasaray''), Cengiz Ündər (Marsel), Orkun Kökçü (Feyenoord), Ozan Tufan (Uotford), Hakan Çalhanoğlu (İnter); hücumçular - Burak Yılmaz (Lill), Kənan Karaman (Beşiktaş), Xəlil Dərvişoğlu (Qalatasaray), Sərdar Dursun (Fənərbaxça).