30 illik torpaq həsrətimizə son qoyan, xalqımızı qürurlandıran şanlı qələbənin bir ili tamam olur.
Ölkəmizə qələbə gətirən, tarixi, əzəli-əbədi torpaqlarımızı geri qaytaran 44 günlük müharibədən sonra müzəffər ordumuzun igidliyi və xalqımızın əzmi ilə qazandığımız bu döyüşün sevinci üzərindən 365 gün keçməsinə baxmayaraq, əskilmir. Qələbə şərəfinə ölkəmizdə bütün sahələr üzrə bir sıra tədbirlər, layihələr həyata keçirilir. Təbii ki, futbol ictimaiyyəti də tarixi zəfərə biganə qala bilməzdi. PFL ölkə çempionatının 10-cu turunu şanlı qələbənin ildönümü münasibətilə "Zəfər turu" adlandırdı. Görəsən, bizi nələr gözləyir? Bunu öyrənmək üçün qurumun Texniki Departamentinin rəhbəri Elgiz Abbasovla əlaqə saxladıq. PFL rəsmisinin açıqlaması belə oldu:
"Ötən il sentyabrın 27-dən bu günə qədər premyer-liqanın, 1-ci divizionun oyunlarında PFL müxtəlif layihələr həyata keçirib. Vətən müharibəsinin ilk günündən etibarən cəbhədə gedən proseslərlə bağlı oyunlarımızda müxtəlif tədbirlər etmişik. Bu bir qurum olaraq, bizim borcumuzdu. Şanlı qələbəmizin birilliyi ilə bağlı ölkə çempionatının 10-cu turunu "Zəfər turu" elan etmişik. Bununla bağlı klublara, lazımi əməkdaşlara, departamentlərə məlumat göndərilib. Oyun planında, xüsusən də oyundan öncə dəyişiklik edəcəyik. Bu həm komandaların meydana çıxması, həm də vahid konseptin tətbiq olunması ilə bağlıdı. Bu tur klublarımız, premyer-liqa, futbol ailəsinə daxil olan şəxslər ilə birlikdə "Zəfər günü"nə töhfə verməyə çalışacağıq. Bunları daha ətraflı matçlar zamanı görəcəksiz".
SƏNƏM FƏRHADOVA