''Beşiktaş'' başqanı Ahmet Nur Çəbi klubun rəsmi ''yutub'' səhifəsinə açıqlamalar verib.
Komandanın bu mövsümdəki çıxışından danışan, federasiyaya, eləcə də son oyunda ''Beşiktaş''ın qolunu qeydə almayan Cüneyt Çakıra etirazını bildirən Çəbi ''Qalatasaray''ın başkan vəkili Rezan Epözdəmirə də sərt şəkildə cavab verib. Epözdəmir son açıqlamasında ''Beşiktaş''ın derbidə ''Qalatasaray''ı haqsız şəkildə, yəni hakimin köməyi ilə yendiyini bildirmişdi. Çəbini dinləyək:
''Bu mövsüm zədələr bizdən əl çəkmir. Bu məqam həm superliqada, həm də ÇL-də çıxışımıza təsir edir. İndi də Batşuayi, Rozye, Vida və Pyaniç zədələnib. Bu şanssızlığın nə vaxt bitəcəyini bilmirik. Bu mövsüm bəlkə də Türkiyə çempionunun ÇL-ə birbaşa qatıldığı son mövsümdü. Bu da ''Beşiktaş''a qismət olub. Federasiya həftəsonu ''Trabzonspor''a qarşı oyunumuzu şənbə gününə salıb. Axı çərşənbə günü ÇL matçımız olduğu halda, həftəsonu oyunumuz nə üçün şənbə gününə salınır? Lissabondan İstanbula cümə axşamı qayıdacağıq. Cümə günü də evində dincəlməli olan futbolçunu şənbə günü meydana buraxacağıq. Yəni demək olar ki, bu matça 0 məşqlə çıxacağıq. TFF belə şeylərə diqqət etməlidi. Amma çox güman ki, onlardan bunu yayın şirkəti tələb edib. ''Fənərbaxça”nın və ya ''Qalatasaray''ın oyununu şənbə gününə salmaq olardı. Fanatlarımız sosial şəbəkədə ''başqan, komandaya sahib çıx'' deyirlər. Belə şeylər onları da üzür. Amma mən lazımi məqamda, lazımi yerlərə sözümü deyirəm. Mənə güvənsinlər. Necə ki, ötən mövsüm çempion olacağımızı dedim və sonda da çempion olduq. VAR-ın yaradılmasında məqsəd hakimin aşkar səhvinin qarşısını almaqdı. Bu baxımdan bizdə VAR-dan düzgün istifadə olunmur. Son matçımızda VAR vurduğumuz qola qarışmamalıydı. Çakır özü izləyib qərar verə bilməməsi azmış kimi, köməkçisini də baxmağa dəvət etdi. VAR ola-ola, səhvlər davam edirsə, buna artıq ''səhv'' demək düzgün deyil! Hər dəfə hakim səhvi komitə sədrinin dəyişməsinə səbəb olur. Bu, problemdən çıxış yolu deyil. Problemin kökü hakimlərimizin özlərinin zəif olmasındadı. İmkan verin, səhnəyə gənc hakimlər çıxsın. Səhv edəcəklərsə, qoy, onlar səhv etsin. Yeni sistem quracağıq və mütləq gənc hakimlər gəlməlidi. Son turda bizim və ''Qalatasaray''ın vurduğu qollar bir-birinə çox bənzədi. Biz demirik ki, ''Qalatasaray''ın qolu qeydə alınmamalıydı. Deyirik ki, bizim qolumuz da qeydə alınmalıydı. Çünki bənzər epizodlardı. Bir qol sayılıbsa, digəri də sayılmalıydı. Futbol ictimaiyyəti etirazımızı yanlış anlayıb. Çünki biz ''Qalatasaray''ın qoluna etiraz etsək, belə çıxır öz vurduğumuz qolun sayılmamasını da dəstəkləyirik. ''Qalatasaray'' əvvəlcə centlmensayağı bir açıqlama verdi. Amma bu gün (srağagün - red.) bir yönəticiləri çıxıb ''Qalatasaray'' haqsız şəkildə uduzdu'' dedi. Yanlış açıqlamadı. Klubun bir rəsmisi bir cür danışır, digər rəsmisi başqa cür. Bu yönətici məncə, öz yerində oturub işi ilə məşğul olsa, daha yaxşı olar! Böyük camiəyə yaraşmayan ifadədi. Bu sözləri ilə öz başqanını da çətin vəziyyətə saldı. Başqanları çıxıb hansı ifadənin doğru, hansının yanlış olduğunu söyləsin. Sərgən Yalçınla münasibətlərimiz çox yaxşıdı. Sağlamlığı və motivasiyası yerindədisə, özü istədiyi qədər bu klubda qala bilər. Onu həm məşqçi, həm də insan kimi sevirəm. İctimaiyyətdə mənim onu bəyənmədiyim fikri yaradılmağa çalışılır. Amma bu, yalnız bizim aramızı vurmaq üçün edilir. Bu mövzuda daha sonra geniş açıqlama verəcəm''.