Türkiyə çempionatında 240 gündən artıqdı uduzmayan və inamla turnir cədvəlinə başçılıq edən ''Trabzonspor''u bir kənara qoysaq, son turlarda superliqada fırtına kimi əsən daha bir klub var.
Söhbət ''İstanbul BŞ''dən gedir. Əmrə Belözoğlunun təyinatından sonra başakşəhərlilərin yüksəlişi diqqəti çəkir. Belözoğlu ilə ilk oyunda ''Beşiktaş''ı 3:1, ikinci oyunda səfərdə ''Antalyaspor'' 2:1 hesabı ilə məğlub edən 2019/20-nin çempionu ötən həftəsonu öz meydanında ''Adana Dəmirspor''la qarşılaşmada da 2:1 hesablı əzmkar qələbə qazandı. Yəni Aykut Kocamanla ilk 8 turdan 2 qələbə, 6 məğlubiyyətlə ayrılaraq cəmi 6 xal toplayan komanda Əmrə Belözoğlu ilə 3 oyuna 9 xal toplayıb!
Maraqlıdı ki, Kocaman ''İstanbul BŞ''nin başında olduğu ümumilikdə 27 turluq dönəmdə komanda heç vaxt 3 oyunluq qələbə seriyası yaxalamamışdı. Bu müddətdə maksimum 2 oyuluq qələbə seriyası olmuşdu. Yəni Kocamanın 27 tura bacarmadığını Əmrə 3 tura bacardı! İstanbul təmsilçisi sonuncu dəfə bu cür seriyanı ötən mövsümün əvvəlində - Okan Burukun dönəmində əldə etmişdi. O vaxt komanda 5-8-ci turlarda xal itirməyərək ardıcıl 4 qələbə qazanmışdı. Düzdü, Kocamanla ötən mövsümün sonunda 7 oyunluq məğlubiyyətsiz seriyanın qeydə alındığını da bildirək (4 qələbə, 3 heç-heçə).
Ümumiyyətlə Əmrə Belözoğlunun məşqçi karyerasının əvvəlindəki göstəricilər cəlbedicidi. Bilindiyi kimi, 41 yaşlı gənc mütəxəssis ötən mövsümün gedişində Erol Bulut qovulandan sonra son 10 turda ''Fənərbaxça''nın baş məşqçisi vəzifəsini icra etmişdi. Komanda onun dönəmində 10 oyundan 7 qələbə, 2 heç-heçə, 1 məğlubiyyətlə ayrılmışdı. Amma ''Sivasspor''a qarşı doğma meydandakı matçda qeydə alınan həmin o yeganə məğlubiyyət ''Fənər''i çempionluqdan etmişdi! Keçən mövsümdəki göstəriciləri də nəzərə alsaq, Əmrə məşqçi karyerasının ilk 13 matçından 10 qələbə, 2 heç-heçə, 1 məğlubiyyətlə ayrılaraq orta hesabla hər oyuna 2,46 xal toplayıb. Bunu mükəmmələ yaxın bir göstərici saymaq olar. Görəsən, indi ''Fənər'' rəhbərliyi Əmrə ilə yola davam etmədiyinə görə peşmandımı? Başqan Əli Koçun yayda təcrübəsinin az olduğunu əsas gətirərək yolları ayırdığı Əmrə ''İstanbul BŞ''də xarüqələr yaradır. Təcrübəli məşqçi statusunda ''Fənər''ə gələn Vitor Pereyra isə son həftələrdə əməlli-başlı gözdən düşüb. Əmrə gələnə qədər bu iki klub arasında turnir cədvəlində 13 xallıq fərq var idisə, indi bu fərq cəmi 4 xala bərabərdi! Hesabında 19 xal olan ''Fənər'' 7-ci pillədədisə, ''İstanbul BŞ'' 15 xalla 10-cu pillədə qərarlaşıb.