''Qalatasaray''ın gənc vingeri Kərəm Aktürkoğlunun ulduzu parlamaqdadı.
Səviyyəsini göz önündə artırmaqda davam edən 23 yaşlı futbolçu yavaş-yavaş İstanbul nəhənginin liderlərindən birinə çevrilir. Ən son ötən tur ''Qaziantep''lə görüşdə komandasının 2-ci qolunu vuran Aktürkoğlu artıq indidən ötən mövsümdəki göstəricisini geridə qoymağı bacarıb. Daha öncə superliqada ''Kasımpaşa'', eləcə də avrokuboklarda ''Sent Coniston'', ''Randers'' və ''Lokomotiv''lə oyunlarda fərqlənən istedadlı oyunçunun hesabında bu mövsüm artıq 5 qol, 4 məhsuldar ötürmə var. Yəni o, ''Qalatasaray''ın cari ''futbol ili''ndə 12-si avrokuboklarda, 17-si superliqada vurduğu 29 qolun 9-da (31 faizində) yaxından iştirak edib və bu baxımdan bütün komanda yoldaşlarını üstələyir. Ötən mövsüm isə Kərəm bütün rəsmi matçlarda 6 qol, 2 məhsuldar ötürmə ilə fərqlənmişdi. Aktürkoğlu həm də zədələnməməsi və sabit oyunu ilə diqqəti çəkir. Təkcə bir faktı vurğulayaq ki, hətta kapitan Fernando Muslera belə bu mövsüm 1 oyunu qaçırmalı olub. Amma Kərəm ''Qalatasaray''ın bu mövsüm 11-i superliqada, 9-u avrokuboklarda olmaqla keçirdiyi 20 rəsmi matçın hamısında meydana çıxan yeganə futbolçudu!
''Cim-Bom'' heç kimin tanımadığı bu oyunçunu ötən ilin sentyabrında 3-cü liqa təmsilçisi ''24 Ərzincanspor''dan havayı transfer etmişdi. Bu baxımdan Kərəm sanki nağıllar aləminin qəhrəmanına bənzəyir. ''Qalatasaray''a gələrkən onun transfer dəyəri cəmi 200 min avroya bərabər idisə, aradan ötən bir ildən bir qədər artıq müddətdə bu məbləğ ən azı 30 dəfə artıb. Hazırda Kərəmin transfer dəyəri təxminən 6 milyon avro civarındadı! Daha bir maraqlı məqam odu ki, illik maaşı cəmi 900 min lirəyə, yəni təxminən 80 min avroya bərabər olan bu futbolçu ''Qalatasaray''ın ən az qazanan oyunçusu statusundadı! Amma rəhbərlik bu duruma əl atmaq niyyətindədi. Kərəmin klubla 2024-cü ilə qədər müqaviləsi olsa da, bu yaxınlarda onunla yeni şərtlər əsasında yeni müqavilə imzalanacaq. Aktürkoğlunun illik məvacibi ən azı 620 min avroya qaldırılacaq və ən əsası müqaviləyə 15 milyon avroluq təzminat maddəsi əlavə olunacaq. Çünki ona Fransa təmsilçiləri başda olmaqla Avropanın bir çox klubu ciddi maraq göstərir. Rəhbərlik qış fasiləsinə qədər Kərəmi yeni müqaviləyə imza atmağa razı salmağa çalışacaq.