Region Liqasında cəmi 1 tur keçirilməsinə baxamayaraq, artıq xoşagəlməz olay yaşanıb.
Söhbət Paytaxt və Şimal regionunda baş tutan “Şahdağ” – “İrəvan” matçından gedir. Quba təmsilçisi rəqibi 8-ci dəfə meydanın mərkəzinə dəvət edincə, qonaqlar hakimlikdən narazı qaldıqlarını bildirərək, oyunu yarımçıq tərk ediblər.
Bəs görəsən, liqanın təşkilatçıları yaşananlara necə münasibət göstərir, “İrəvan”ı hansı cəza gözləyir? İnsidentlə bağlı “Football-plus.az” saytına açıqlama verən Region Liqasının İşçi Qrupunun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Departamentinin rəhbəri Yusif Vəliyev bunları söylədi:
"Təbii ki, İntizam Komitəsi baş hakimin rəyinə və protokola əsasən müvafiq qərar qəbul edəcək. Yəqin "İrəvan"ın nümayəndələri də birbaşa İntizam Komitəsinə dəvət olunacaq. Oyundan yarımçıq çıxana, təbii ki, birmənalı texniki məğlubiyyət verilir. Bütün belə qərarlar İntizam Komitəsi tərəfindən çıxarılır, onlar müraciət olunan məsələlərə baxır. Qəbul olunan qərarlar da Əsasnaməyə uyğun olur. Təbii ki, bu hal təkrarlanacağı halda komanda çempionatdan kənarlaşdırılacaq. Region Liqasında hansısa komanda 3 dəfə meydana çıxmaqdan intina edərsə, yarışdan kənarlaşdırılır. "İrəvan"ın meydandan yarımçıq çıxması da imtina sayılır. Bu hal daha 2 dəfə baş verərsə, “İrəvan”ı ağır cəza gözləyir. Bundan başqa, bu kollektiv növbəti mövsümdə də yarışa buraxılmayacaq".
Son günlər sosial şəbəkələrdə Region Liqasının Mərkəz regionunda mübarizə aparan “Ağsu Siti”nin çempionatda iştirakdan imtina etdiyi barədə xəbərlər paylaşılır. Ağsuluların “feysbuk”dakı səhifəsində klubun prezidenti Rəmzi Eminlinin açıqlaması yayılıb. Rəmzi bəy rayonun İcra Hakimiyyəti tərəfindən heç bir kömək olunmadığını söyləməklə yanaşı, fəaliyyətlərini dayandıracaqlarını bildirib. Yusif bəylə söhbətdə bu məsələyə də toxunduq:
“Bildiyiniz kimi, “Ağsu Siti” stadion problemi ilə üzləşmişdi. AFFA problemin həlli yönündə kluba kömək göstərdi. Bundan başqa, ağsulular assosiasiya tərəfindən toplar və idman geyimləri, oyun dəstləri ilə təmin olunub. Ola bilsin, bəzi çətinlikləri var. Ancaq bu o demək deyil ki, “Ağsu Siti” Region Liqasından geri çəkilir. Bu gün klub prezidenti ilə danışmışıq. İkinci turun oyununun vaxtını dəqiqləşdirdik. Bu da o deməkdi ki, komanda çempionatda çıxışını davam etdirəcək”.