Serxio Aqueronun geniş müayinədən keçdiyini və nəticənin heç də ürəkaçan olmadığını xəbər vermişdik.
Xatırladaq ki, o, İspaniya çempionatının şənbə günü keçirilən “Barselona” – “Alaves” matçında (1:1) sona qədər oynaya bilməmişdi. Ev sahiblərinin təcrübəli oyunçusu 41-ci dəqiqədə əvəzlənmişdi. Sinəsində narahatlıq hiss edən futbolçu tənəffüs etməkdə çətinlik çəkdiyi üçün həkimlərin ilk yardımına ehtiyac duymuş və az sonra tibbi protokol qaydalarına uyğun olaraq xəstəxanaya aparılmışdi.
İspaniya mənbələri 33 yaşlı argentinalı hücumçunun kiçik takixardiya (ürək döyüntüsünün dəqiqədə təxminən 180-240 zərbə vurması) problemi ilə üzləşdiyini xəbər verib. Geniş müayinə nəticəsində Serxionun durumunun ciddi olduğu müəyyənləşib. Klubun rəsmi saytının yaydığı xəbərdə onun bərpa prosesinə görə azı 3 ay yaşıl meydana çıxa bilməyəcəyi qeyd edilib. Aquero bu müddətdə müalicə olunacaq və onun sıraya dönməsi ürəyinin bərpa dinamikasından asılı olacaq.
Qeyd edək ki, “Barselona”ya bu yay gələn Serxio zədəsini yenicə sağaltmışdı. Bu səbəbdən La Liqada yalnız 4 oyun keçirən futbolçu karyerasını erkən başa vura bilər. “Diario Sport”un məlumatında Aqueronun ürək probleminə görə psixoloji sarsıntı keçirdiyi bildirilir. Həkimlər isə ona müəyyən müddətdən sonra matçlara çıxacağı və gərginlik yaşayacağı halda səhhətinin ağırlaşa və həyatının risk altına düşə biləcəyini bildiriblər. “Barselona” rəhbərliyi artıq yanvarda yeni hücumçu almaq haqda düşünür. Bu planda Rahim Sterlinqin “Mançester Siti”dən mümkün transferi haqda daha çox ehtimallar irəli sürülür.