MHL-də son üç gündə keçirilən oyunlarla bağlı bəzi maraqlı məqamlar var.
“Vaşinqton”un şənbə günü “Arizona”nı məğlub etdiyi oyunda Aleksandr Oveçkin də fərqləndi. Bununla da MHL-də qol hesabını 739-a çatdıran rusiyalı ulduz indi Brett Halldan yalnız iki qol geri qalır. Ovinin cari mövsümə inamlı başladığını vurğulamışdıq. O, cari mövsümdə keçirdiyi 8 oyunda xalını 15-ə (9+6) çatdırmaqla 2009/10 mövsümündəki nəticəsini təkrarlayıb.
“Anahaym”ın forvardı Rayan Qetslaf dünən komandasının “Monreal” üzərindəki qələbəsinə məhsuldar ötürmə ilə töhfə verib. 36 yaşlı kanadalı hücumçu “Daks”ın heyətində xal sayını 989-a (279+710) çatdırmaqla Teemu Selyanneni arxada qoyub və klub tarixinin bombardirinə çevrilib. Qetslafın bütün karyerası “Anahaym”la bağlıdı.
“Kalqari” bazar günü “Filadelfiya”nı məğlub etməklə cari mövsümdə ardıcıl 6-cı qələbəsini qazandı. “Çikaqo” isə ardıcıl 9-cu məğlubiyyəti “Sent-Luis”dən aldı. Özü də maraqlıdı ki, bu məğlubiyyətlərin 7-si əsas vaxtda qeydə alınıb. Klub hələ ki tarixinin ən arzuolunmaz startını yaşayır. “Çikaqo” 1953 və 1999-cu illərdə startda ardıcıl 8 oyunda qələbə qazana bilməmişdi. Startdakı məğlubiyyət sayına görə MHL tarixinin antirekordu “Reyncers”ə məxsusdu. Bu komanda 1943-cü ildə ardıcıl 15 oyunda qələbəyə həsrət qalıb.