Bilindiyi kimi Türkiyə ötən mövsüm UEFA-nın əmsallar cədvəlində 13-cü pilləyə qədər geriləyərək ÇL-ə birbaşa komanda göndərmək şansını itirmişdi.
Amma qardaş ölkə təmsilçilərinin zəif çıxışı üzündən bu mövsüm vəziyyət daha da acınacaqlıdı.
Bu həftə avrolubokların qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək. Türkiyə bu mövsümkü göstəricilərə görə hazırda əmsallar cədvəlində 19-cu pillədədi. ''Beşiktaş'', ''Qalatasaray'' və ''Fənərbaxça''nın bundan sonra toplayacağı hər xalın böyük önəmi olacaq. Türkiyə hökmən mövsümü bu cədvəldə ilk ''15-lik''də tamamlamalıdı. Əks halda qardaş ölkə Avropanın ən mötəbər klub turnirinə yalnız bir komanda göndərəcək və həmin komanda da mübarizəyə təsnifat mərhələsindən başlamaq məcburiyyətində qalacaq. Bundan başqa Türkiyə AL-ə də təmsilçi göndərə bilməyəcək. Digər 3 klubun hamısı yalnız Konfrans Liqasında oynamalı olacaq. Xatırladaq ki, ''Trabzonspor''la ''Sivasspor'' artıq mübarizəni dayandırıb. ''Beşiktaş''la ''Fənərbaxça'' hələ ki uğursuz çıxış edir. 3 turdan sonra ''Qartal'' ÇL-də öz qrupunda xal toplamayıbsa, ''Fənərbaxça''nın AL-də 3 oyuna cəmi 2 xalı var. Yalnız ''Qalatasaray'' ümidləri doğrultmağı bacarır. Fatih Terimin komandası AL-də öz qrupunda 3 oyuna qol buraxmayıb və 7 xalla liderdi. Ümumiyyətlə ''Qalatasaray'' Avropa arenasında keçirdiyi son 7 oyunda məğlub olmayıb ki, bu da klubun 2009-dan (11 oyun) bu yana ən yaxşı seriyasıdı.