Tanınmış almaniyalı futbolçu, 2014-də dünya çempionu olmuş komandanın bir parçası olan Lukaş Podolski ''Bild'' nəşrinə müsahibə verib.
İlyarımlıq ''Antalyaspor'' macərasının ardından bu yay Polşaya yollanan və hazırda karyerasını Zabrze ''Qurnik''ində davam etdirən 36 yaşlı futbolçu gündəmdə duran bir çox mövzu haqda danışıb. ''Qızıl top''dan tutmuş ''Bavariya''lı oyunçuların performansına, eləcə də Almaniyada böyük müzakirələrə səbəb olan Coşua Kimmixin peyvənd olunmaq istəməməsinə toxunan Podolski bunları deyib:
''Qızıl top''u kimin qazanacağı məni qətiyyən maraqlandırmır. Çünki səsvermənin nəticələri heç də həmişə ədalətli olmur. Seçim daha çox siyasətlə və ya qalibin kənardan necə görünəcəyi, necə qəbul olunacağı ilə bağlı olur. Məncə, hər mövqe üzrə ən yaxşıları seçmək daha ədalətli olar. Yoxsa, bir futbolçunun dünyanın ən güclüsü sayılması düzgün deyil. ''Bavariya''nın Munhenqladbaxda 5 qol buraxıb məğlub olması Almaniya futbolu üçün yaxşı haldı. Digər klublar münhenlilərin məğlubedilməz olmadığını gördülər. Bundesliqanın ən böyük problemi digər klubların ''Bavariya''ya məğlubedilməz gözü ilə baxmalarıdı. Upamekanonu ''Leyptsiq''də çox bəyənirdim. ''Bavariya''da hələ həmin səviyyəyə çatmayıb. Çox gözəl tanıdığı Naqelsmannla birlikdə olduğunu nəzərə alsaq, bu durum bir qədər təəccüblüdü. Mən rəhbərliyin yerində olsam, Boatenqi buraxmazdım. O özü də komandada qalmağa can atırdı. Sane həm yığma, həm də ''Bavariya'' üçün getdikcə, aparıcı futbolçuya çevrilir. Ona həm Flik, həm də Naqelsmann çox güvənir. Sane yeni səviyyəyə yüksəlmək üzrədi. Ölkə ictimaiyyətinin peyvənd olunmadığına görə Kimmixin üzərinə bu qədər getməsini anlamıram. Sanki bir günahkarı yaxalayıblar. Biz azad ölkədə yaşayırıq və hər kəs nə edəcəyinə özü qərar verməlidi. Kimmix heç bir yanlış hərəkətə yol verməyib. Sadəcə ictimaiyyətdə bu cür fikir formalaşıb. Mən özüm də peyvənd olunmamışam. Koronayla bağlı məsələlər artıq hamını boğaza yığıb. Hamı əsəbidi. Peyvənd məsələsində hələ ki, izləmə mövqeyindəyəm. Nə edəcəyimə özüm qərar verəcəm''.