''Qalatasaray'' 3 futbolçusunun müqavilə müddətini uzadıb.
Söhbət Taylan Antalyalı, Kristian Luyindama və İsmayıl Çipedən gedir. Klubdan verilən açıqlamada Taylanla 4, Luyindama ilə 2, İsmayılla 1 illik yeni müqavilə imzalandığı qeyd olunub.
Dayaq yarımmüdafiəçisi olan Taylan 2019-da ''Erzurumspor BB''dən pulsuz transfer olunmuşdu. Onun klubla hələ 2023-ə qədər müqaviləsi olsa da, rəhbərlik futbolçunun maaşını artıraraq müqaviləsini 2026-ya qədər yeniləyib. 26 yaşlı Antalyalı indiyə qədər ''sarı-qırmızılar''da 76 rəsmi oyuna çıxaraq 2 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib. 2018/19-un qış fasiləsində 3 milyon avroya ''Standard''dan yarım mövsümlük icarəyə götürülən, 6 ay sonra 5 milyon avro ödənilərək daimi əsasda transfer edilən Luyindamanın isə müqaviləsi gələn yay başa çatırdı. 27 yaşlı konqolu mərkəz müdafiəçisi indiyə qədər İstanbul nəhəngində 75 rəsmi oyunda 5 qol, 3 məhsuldar ötürməlik performans sərgiləyib. 26 yaşlı qapıçı İsmayıl isə ''Qalatasaray''ın öz yetirməsidi. O hələ 2016-da klubla rəsmi müqavilə imzalasa da, o vaxtdan bu yana ''Fatih Karagümrük'', ''Tuzlaspor'' və ''Kayserispor''da icarə əsasında çıxış edib. Fernando Musleranın ardından 2-ci qapıçı statusunda olan Çipe indiyə qədər ''Qalatasaray''da cəmi 9 rəsmi oyun keçirib.
Yeri gəlmişkən, Saşa Buydan bəd xəbər gəlib. Sentyabrın 30-da AL-də ''Marsel'' ilə səfər oyununda zədələnən cinah müdafiəçisi meydana çıxmadan yenidən zədə alıb. Sağalmaq üzrə olan 21 yaşlı futbolçu fərdi məşqçisi ilə hazırlıq keçərkən əzələsini dartaraq daha bir aylığa sıradan çıxıb. Buy müalicə olunmaq üçün bu gün vətəni Fransaya yola düşüb.