Niderlandın "Telstar" klubunda çıxış edən Ozan Can Kökçü Azərbaycan millisində oynamaq təklifini qəbul etməyib.
Football-plus.az saytının məlumatına görə, bu informasiyanı onun qardaşı Orkun Can Kökçü Türkiyə Futbol Federasiyasının rəsmi saytına müsahibəsində bildirib:
"Ozan Azərbaycanın U-21 yığmasında oynadı. Amma indi orda çıxış etmir. Türkiyə milli komandasına dəvət olunmaq ehtimalı olduğuna görə Azərbaycandan imtina etdi. “Sabah”da çıxış edərkən U-21-ə çağırdılar. Qısa zamanda pasport verdilər. Qardaşım həm də Azərbaycan vətəndaşıdı. Azərbaycan milli komandası onu istəyir, amma Türkiyədən təklif gələr deyə hələ bunu qəbul etməyib. 1998-ci ildə doğulub. Hücumun cinahlarında və pleymeyker mövqeyində çıxış edə bilir".
Qeyd edək ki, Ozan Can Kökçü 21 yaşadək futbolçulardan ibarət yığma komandamızın heyətində 17 qarşılaşmada meydana çıxıb. O, bu görüşlərdə 2 qol vurub.
İLKİN SULTANLI