Həftəsonu Avropanın milli çempionatlarında top qovan bəzi türkiyəli futbolçulardan qol xəbəri gəlib.
Türkiyə yığmasının hücumçu problemi yaşadığı və 36 yaşlı Burak Yılmazın alternativinin olmadığı bir məqamda bu qollar sevindirməyə bilməz. Özü də türkiyəli oyunçuların yalnız qələbə qollarını vurmaları diqqət çəkib!
Müqaviləylə Frankfurt ''Ayntraxt''ına məxsus olmasına baxmayaraq mövsümü icarə əsasında ''Neymegen''də keçirən və karyerasında ilk dəfə legioner həyatı yaşayan Əli Akman erediviziyada 3-cü qolunu vurub. ''Neymegen''in ''Qroningen''i 3:0 hesabı ilə darmadağın etdiyi qarşılaşmada fasilə ərəfəsində ilk qolu vuran gənc vinger matçın ən yaxşı oyunçusu seçilib. Bu oyunda 2-ci qolu Niderlandda doğulan türkəsilli Elayis Tavşanın vurması da diqqət çəkib. Maraqlıdı ki, Əli Akmanın bu mövsüm vurduğu hər 3 qoldan sonra ''Neymegen'' 1:0 hesabı ilə önə keçib.
Türkiyəli oyunçular arasında ən diqqətçəkən performansı Enes Ünal sərgiləyib. Onun şərəfini qoruduğu ''Xetafe'' bu tura qədər qələbəyə həsrət qalaraq tarixinin ən uğursuz startını reallaşdırmışdı. Amma bu tur ''Espanyol''u qəbul edən Madrid təmsilçisi məhz Enesin qolları ilə ilk qələbəsini qazanıb. 24 yaşlı forvard 31-ci dəqiqədə başı üzərindən akrobatik zərbə ilə nəinki turun, hətta mövsümün ən gözəl qollarından birini vurub. Kataloniya təmsilçisi buna 38-ci dəqiqədə Serxi Qomesin qolu ilə cavab versə də, Enes 56-cı dəqiqədə yenidən səhnəyə çıxaraq qəhrəmana çevrilib. Ötən tur da meydanı qolsuz tərk etməyən forvard son 2 turda artıq 3 qol vurub.
Cengiz Ündərin də Fransa karyerası hələ ki, uğurlu alınır. ''Lester''ə məxsus olsa da, icarə əsasında ''Marsel''də çıxış edən vinger həftəsonu ''Klermon'' səfərində yeganə qolun müəllifi olub. 25-ci dəqiqədə baxımlı zərbə ilə fərqlənərək komandasına qələbə qazandıran Cengiz Fransa çempionatında 10-cu qarşılaşmada 4-cü qolunu vurub. Bu qol sayəsində ''Marsel'' həm də 3 oyunluq qələbəsiz seriyaya son qoyub. Bundan başqa Türkiyə yığmasının üzvlərindən Burak Yılmaz ''Lill''in, Merih Dəmiral isə ''Atalanta''nın heyətində məhsuldar ötürmə verib.