Ölkə çempionatının 9-cu turunun son qarşılaşmasında "Sumqayıt" doğma meydanda "Səbail"i 2:0 hesabı ilə məğlub edib.
"Football-plus.az" saytının məlumatına görə, qalib tərəfin baş məşqçisi Ayxan oyundan sonra baş tutan mətbuat konfransında matçla bağlı bu sözləri deyib:
"Komandamı təbrik edirəm. Azarkeşlərə isə təşəkkürümü bildirirəm. Bu gün dəstəyə ehtiyacımız var idi. Çempionatın önəmli yerindəyik. Xal itirməklə rəqiblərdən uzaqlaşa bilərdik. Burda olduğum illərdə çox ilklərə imza atmışıq. Biz bunu ilk növbədə futbolçulara borcluyuq. Çalışacağıq ki, daha yaxşı olaq. Sona qədər mübarizə aparacağıq. İnanırıq və mübarizəmizə davam edəcəyik. Rəqibi də təbrik etməliyik. Aftandil Hacıyevin işi çox çətindir. "Səbail" "Qarabağ"ı udub, buraya gəlmişdi. Sistemdə bəzi dəyişikliklər etmişdik. Oyuna iki hücumçu ilə başlamaq istədik. Rəqibin üstünlük yaratmasına imkan vermədik. Səid yeni gəlib, uyğunlaşması üçün vaxt lazımdı. Potensialı var. Mənə 100 hücumçu göndərməyiblər ki, seçim edim. İmkanlara uyğun futbolçu gətiririk. Səid qol vuraraq, azarkeşləri coşdurdu. Ötən il də bu sistemlə oynadığımız oyunlar olub. Bilirsiniz ki, çempionatda az qol vuran komandalardanıq. Bundan əlavə, bu gün mütləq 3 xal qazanmalıydıq. İstəyirdim ki, iki hücumçuyla rəqibin müdafiəsini təzyiq altında saxlayaq".
Mütəxəssis Tərlan Əhmədliyə şans verməsinin səbəbini belə izah edib:
"Tərlana şans verməyi düşünürdüm. Aydın gənc qapıçıdı, milliyə düşdü. Bu yerə çatmaq üçün çox əziyyət çəkib. Mənim ona inancım 100 faizdi. Hərdən istirahət etməli, rəqabəti duymalıdı. Tərlana da güvənirəm. Futbolçularım milliyə getsə də, oynayan oyunçu sayı azdı. Aydın yığmaya çağırılsa da, oynamır. Bu, bizə çətinlik yaradır. Bəzi mövqelər var ki, rotasiya edə bilmirik. Bu gün Vurğun Hüseynov da uzun müddətdən sonra meydana çıxdı. Həmçinin Roman Hüseynov. Hərdən "Sumqayıt" haqqında danışanda cəmi 2-3 futbolçudan söz açılır. Amma digər futbolçular da var. İnanıram ki, Tərlan da milli komandaya düşəcək".
Baş məşqçi "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə də danışıb:
"Ağdam klubu indi daha güclüdü. Səhv etmirəmsə, çempionatın 5-6 turunda ehtiyat qüvvəylə oynayıb. Yaxşı formadadılar. Oyuna ciddi hazırlaşacağıq. Rəqibi təhlil edəcəyik. İtkilərimiz var. Elvin Bədəlov üçün mövsüm bitib. Murad Xaçayevə ağır cəza verilib. Təhqir etmək 4 oyundu, toxunmaq 5. Bununla bağlı şikayət etmişik. Bizə düşən odur ki, çalışaq. İnanıram ki, yaxşı olacaq".
Abbasov hakimlikdən razı olduğunu söyləyib:
"Mən hər zaman olanı deyirəm. Bəzi şeylər var ki, yəqin, onu qəbul etmirlər. Hakim xoşuma gəldi, imkan verdi ki, oynayaq. Qırmızı vərəqə epizoduna baxmaq lazımdır. Səhvlər ola bilər. Belə cavan hakimlər səhv etsələr, başa düşmək olar. Amma təcrübəli hakimlərin səhvlərini adam qəbul edə bilmir. Gəlib hakimlərə baxsınlar, alınmırsa, sənədlərini verib göndərsinlər. Mən kimisə təhqir etmirəm. Mən də qocalanda getməyimlə bağlı məsləhət versələr, gedərəm".