''Fənərbaxça''da mövsümə yaxşı başlayıb sonradan eniş yaşamaq artıq adət halına çevrilir.
Bu hal ötən mövsüm Erol Bulutla yaşanmışdısa, indi də Vitor Pereyra heç cür enişin qarşısını kəsə bilmir. Dünən Konya səfərində 1:2 hesabı ilə uduzmaqla fanatlarına daha bir şok yaşadan İstanbul nəhəngi həm ardıcıl 3-cü turda məğlub oldu, həm də lider ''Trabzonspor''dan 8 xal geri düşdü. Bundan öncə komanda ''Alanyaspor'' və ''Trabzonspor''a qarşı oyunlardan xalsız ayrılmışdı. ''Fənər''in superliqada sonuncu dəfə ardıcıl 3 oyunda məğlub olmasına 2018/19-un 2-4-cü turlarında rast gəlinmişdi.
''Sarı-lacivərdlilər'' 3 xalla yanaşı 3 futbolçunu da itiriblər. Söhbət Altay Bayındır, Luis Qustavo və Enner Valensiyadan gedir. Onların hər üçü ikinci hissədə əvəz olundu. Xüsusilə də rəqib oyunçu ilə toqquşaraq çiynindən zədə alan və 72-ci dəqiqədə göz yaşları içində meydanı tərk edən istedadlı qapıçı Altay Bayındırın durumu ciddiliyini qoruyur. Klubdan 23 yaşlı qapıçının durumu ilə bağlı rəsmi açıqlama verilməsə də, Türkiyə mətbuatının yazdığına inansaq, Altay yaxın günlərdə əməliyyat olunacaq və ən azı 3 ay futboldan kənar qalacaq!