Bir neçə gün əvvəl Pol Poqba ilə bağlı məsələyə aydınlıq gələndən sonra onun gələcək karyerası ilə bağlı növbəti xəbər yayılıb.
Bilindiyi kimi, “Mançester Yunayted” rəhbərliyi son illər onunla müqaviləni yeniləmək üçün çox cəhdə əl atıb. Lakin fransalı yarımmüdafiəçi hər dəfə klubdan aldığı təklifi geri çevirib. DÇ-2018-in qalibi artıq “qırmızı şeytanlar”ın planlarına daxil deyil. Rəhbərlik artıq onunla danışıqları dayandırıb. Başqa sözlə, Pol MY-ni mövsümün sonunda azad agent kimi tərk edəcək. Yerli mənbələrə görə, rəhbərlik onunla qış “transfer pəncərəsi” zamanı vidalaşmaq istəmir, 28 yaşlı futbolçunun mövsümün ikinci yarısında komandaya faydalı ola biləcəyini düşünür.
Son xəbərə görə, Poqba üçün sabiq klubu prioritetdi. Onun gələn mövsümdən “Yuventus”da oynamaq ehtimalı daha çoxdu. “Sport Italia”nın jurnalisti Rudi Qalettinin dediyinə görə, İtaliya klubu Pola bonuslar nəzərə alınmadan ilə 12,5 milyon avro maaş ödəməyə hazırdı. Amma rəhbərlik bu layihəni reallaşdırmazdan əvvəl yarımmüdafiəçi Aaron Remzini və bu mövqedə oynayan digər oyunçulardan Ueston Makkenni və ya Adrien Rabyonu satmağı zəruri sayır. “Yuventus”da 2012-16-cı illərdə oynayan Poqba üçün ikinci variant “Real”a keçməkdi. Qaletti onun PSJ variantına baxmadığını da iddia edib.