''Qalatasaray''ın son dönəmlərdə enişdə olan və bu mövsüm əsas heyətdəki yerini itirən əlcəzairli ulduzu Sofian Fequlidən maraqlı xəbər var.
Təcrübəli futbolçunun klubla müqaviləsi mövsümün sonunda başa çatır. Ona böyük ehtimalla yeni müqavilə təklif olunmayacaq. Hətta Fequlinin artıq qışda ''Cim-Bom''dan ayrıla biləcəyi deyilir. Amma bütün bunlara baxmayaraq 32 yaşlı futbolçu Türkiyə vətəndaşlığı almaq üçün müvafiq orqanlara müraciət edib. Belə görünür karyerasını və həyatını bu ölkədə davam etdirmək istəyən Fequli 3 ay ərzində Türkiyə vətəndaşlığı almağı planlaşdırır.
Amma bu, onun superliqada yerli statusunda oynaması üçün yetərli olacaqmı? Bununla bağlı qanunda edilən son dəyişikliyə əsasən ölkə daxilində 250 min dollarlıq mülk alan istənilən əcnəbinin Türkiyə vətəndaşlığını almaq hüququ var. Amma bunun futbol sahəsinə aidiyyatı yoxdu. Peşəkar futbolçular üçün tamam başqa kriteriyalar mövcuddu. Belə ki, Türkiyə vətəndaşlığını alan futbolçunun superliqada yerli oyunçu statusunda oynaya bilməsi üçün həmin isim Türkiyə yığmasında hökmən ən azı bir oyun keçirməlidi. Ona görə də Əlcəzair yığmasının formasını dəfələrlə geyən və Türkiyə yığmasında oynamaq şansı olmayan Fequlinin indiki qaydalara görə yerli statusunda oynaması mümkün deyil! Xatırladaq ki, ''Qalatasaray'' Fequlini 2017-ci ildə 4,2 milyon avro qarşılığında ''Vest Hem''dən transfer edib. Türkiyəyə gələnə qədər karyerasında heç bir titulu olmayan Fequli qardaş ölkədə 2-si çempionluq olmaqla 4 titul qazanıb. Ümumilikdə Fequli bu günə qədər ''Qalatasaray''ın heyətində 144 rəsmi oyuna çıxıb və 31 qol, 27 məhsuldar ötürmə ilə fərqlənib.