Serxio Aquero İspaniya çempionatının şənbə günü keçirilən “Barselona” – “Alaves” matçında (1:1) sona qədər oynaya bilməyib.
Ev sahiblərinin təcrübəli oyunçusu 41-ci dəqiqədə əvəzlənib. Sinəsində narahatlıq hiss edən futbolçu tənəffüs etməkdə çətinlik çəkdiyi üçün qazona oturmağa məcbur olub. Həkimlər ona ilk yardımı paltardəyişmə otağında ediblər. Aquero az sonra tibbi protokol qaydalarına uyğun olaraq xəstəxanaya aparılıb.
İspaniya mənbələri 33 yaşlı argentinalı hücumçunun kiçik takixardiya problemi ilə üzləşdiyini xəbər verib. Qeyd edək ki, “Barselona”ya bu yay gələn Serxio zədəsini yenicə sağaltmışdı. O, bu səbəbdən La Liqada yalnız 4 oyun keçirib.