Dünən Fransa çempionatının 12-ci turuna start verilib.
PSJ öz meydanında son çempion “Lill”ə 2:1 hesabı ilə qalib gəlib. İlk hissə qonaqların üstünlüyü ilə sona çatsa da, fasilədən sonra Markinyos ilə Anxel Di Mariyanın qolları parislilərə əzmkar qələbə qazandırıb. Lionel Messi isə Liqa 1-də növbəti uğursuz oyununu keçirib. PSJ-yə bu yay qoşulan hücumçu hazırda qapıya qeyri-dəqiq zərbələrə görə Fransa çempionatına liderlik edir. “OptaJean”ın “tvitter” hesabının məlumatına görə, argentinalı futbolçu indiyədək 5 oyunda qapıya 15 zərbə endirib, onlardan yalnız 4-ü hədəfə çatıb. Amma Lionel hələ də Fransa çempionatında qol və məhsuldar ötürmə üzrə hesabını aça bilməyib. Messi karyerası ərzində noyabr ərəfəsində 2005/06 mövsümündən sonra ölkə çempionatında ilk dəfədi belə uğursuzluq yaşayır. O, PSJ-nin heyətində yalnız Çempionlar Liqasında qol vura bilib: “Mançester Siti” ilə oyunda (2:0) bir, “Leyptsiq”lə (3:2) görüşdə isə iki qolun müəllifi olub.
Əlavə edək ki, ulduz futbolçu “Lill”lə oyunda ilk hissədən sonra əvəzlənib. Baş məşqçi Maurisio Poçettino bunu 34 yaşlı oyunçunun ayağında narahatlıq hiss etməsi ilə əlaqələndirib.