Son vaxtlar Kilian Mbappenin gələcəyi, konkret olaraq PSJ-də qalıb-qalmayacağı haqda irəli sürülən çoxsaylı ehtimallara artıq son qoymaq olar.
Bir neçə həftə əvvəl 22 yaşlı hücumçunun dünyanın ən çox qazanan futbolçusu olmaqdan imtina etdiyi məlum olmuşdu. Belə ki, Paris klubu ona ilə 40 milyon avro qazanacağı müqavilə təklif etmiş, ancaq Mbappe növbəti dəfə müqaviləsinin müddətini uzatmaq istəməmişdi. O, təklifi qəbul edəcəyi halda ən çox qazanan futbolçu ola bilərdi. Kilianın PSJ ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında sona çatacaq deyə rəhbərliyin ona görə narahatlığı son günlər daha da artmışdı.
Ancaq PSJ-nin yeni müqavilə məsələsində, belə desək, cəlbedici təzyiqi gənc futbolçuya heç bir təsir etməyib. Son xəbərlərdə Kilianın gələn il azad agent kimi can atdığı “Real”a keçəcəyi bildirilir. O, artıq bununla bağlı qəti qərar verib. Bu məlumatı Canluka Di Martsio yayıb. Tanınmış italyan jurnalistin sözlərinə görə, fransalı futbolçunun Madrid klubu ilə müqavilə layihəsi artıq hazırdı. Tərəflər arasında razılaşdırılan sözləşmə gələn ilin fevralından gec olmayaraq imzalanacaq. Di Martsio bu məsələdə Kilianı fikrindən yalnız ağılagəlməz problemin daşındıra biləcəyini də vurğulayıb.