Fransa Futbol Federasiyası (FFF) müəyyən məbləğdə ziyana düşüb.
Paris Əmək Mübahisələri üzrə Məhkəməsi FFF-nin sabiq əməkdaşının cinsi zorakılığa məruz qalması ilə bağlı iş üzrə qərar verib. Qərara əsasən yerli futbol qurumu bu insidentə görə 10 min avro cərimələnib. FFF “əməkdaşlarının təhlükəsizliyinin təmini ilə bağlı vəzifəsini yerinə yetirə bilməməkdə” ittiham olunub.
Söhbət bir neçə il əvvəl maliyyə direktoru Mark Varinin təşkilatın sabiq əməkdaşına qarşı davranışından gedir. Qeyd edək ki, bu qalmaqal üzrə ilk təhqiqatın qurbanı Florans Arduen olmuşdu. O, Varinə yalnız şifahi xəbərdarlıq etdiyi üçün 2018-ci ildə FFF-nin baş direktoru vəzifəsindən istefaya göndərilmişdi. Lakin cinsi zorakılığa məruz qalan qadının hirsi bununla soyumamış və o, hüquqlarının müdafiəsi üçün federasiyadan Paris Əmək Mübahisələri üzrə Məhkəməsinə şikayət etmişdi.