Yaponiyanın Kitakyuşu şəhərində bədii gümnastika üzrə dünya çempionatı keçirilir.
“Football-plus.az” saytının məlumatına görə, bu gün 3 təmsilçimiz - Zöhrə Ağamirova, Arzu Cəlilova və Nərmin Bayramova çıxış edib.
Lentlə hərəkətlərdə Ağamirov 19,950 xalla 12-ci, Bayramova isə 16,475 xalla 30-cu olub. Cəlilova gürzlərlə (21,700) 20-ci, Ağamirova (22,050) 14-cü pillədə qərarlaşıb. Nəticədə “8-liy”ə düşmək şanslarını itirdikləri üçün fərdi mübarizədə finala vəsiqə qazana bilməyiblər.
Ağamirovanın çoxnövçülükdə 4 çıxışdan sonra hələlik 84,550 xalı var. Mundialda 3 alətlə çıxış edən Cəlilova isə 65,650 xala malikdi. Ağamirovanın çoxnövçülükdə finala vəsiqə qazanıb-qazanmayacağı təsnifat mərhələsinin sonunda bilinəcək.
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandamillimiz isə oktyabrın 29-da 5 top, həmçinin 3 halqa və 2 cüt gürzlərlə çıxış edəcək.