Ötən həftə Ramin Quliyevlə yolları ayıran “Sabah” yeni baş məşqçi axtarışına çıxıb.
Boş qalan posta mamizədlərdən birinin “Krasnodar”ın sabiq baş məşqçisi Murad Musayev olduğundan xəbəriniz var. Bir neçə gün öncə Bakıya gəlib klub rəhbəliyi ilə görüşən rusiyalı mütəxəssis artıq geri dönüb.
Onunla danışıqların necə yekunlaşdığını öyrənmək üçün “tələbələr”in mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq. Klub rəsmisi “Football-plus.az” saytına bunları söylədi:
“Hazırda baş məşqçi axtarışlarımız davam edir. Siyahıda bir neçə məşqçinin adı var. Klub rəhbərliyi ən uyğun variantın seçilməsi istiqamətində işləri davam etdirir. Bildiyiniz kimi, bu, qısa müddətdə həll ediləcək məsələ deyil. Danışıqlar bir qədər vaxt aparır. Bəli, Murad Musayevin də adı namizədlər siyahısındadı, danışıqlar olub. Lakin hələ ki razılıq əldə olunmayıb. Baş məşqçi təyinatı ilə bağlı hansısa qərar qəbul olunsa, bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə məlumat verəcəyik”.