2015-ci ildən PSJ-nin şərəfini qoruyan və bu müddətdə 17 titul qazanan Anxel Di Mariya Fransa mətbuatına maraqlı açıqlama verib.
Sən demə 33 yaşlı argentinalı vinger bu 17 titulu bir ÇL tituluna qurban verməyə hazırdı:
''PSJ-yə gəlməklə həyatımın ən doğru addımını atdım. 6 ildi ailəmlə birlikdə Parisdə çox xoşbəxtəm. Hər zaman adımı bu klubun tarixinə yazdırmağa can atırdım. Artıq məhsuldar ötürmələr baxımından rekordu qıraraq bunu bacarmışam (Di Mariya bu ilin mayında Fransa kubokunun finalında ''Monako'' ilə qarşılaşmada PSJ-də ümumilikdə 104-cü məhsuldar ötürməsini vermişdi. Bununla da o, Saffet Suşici geride qoyaraq klub tarixinin ən çox məhsuldar ötürmə verən oyunçusuna çevrilmişdi). Bu nailiyyətimlə fəxr edirəm. Çünki artıq adımı tarixdən heç kim silə bilməyəcək. Amma PSJ-də əsas hədəfimə nail olmamışam. Ən böyük arzum bu klubla ÇL-i qazanmaqdı. Düzünü desəm, imkanım olsaydı indiyə qədər burda qazandığım 17 titulun hamısını 1 ÇL-ə dəyişərdim! Bu turnirdə qalib gəlmək üçün bir qədər bəxtə də ehtiyac var. Amma bu mövsüm onu qazana bilərik. PSJ-ni ÇL-i qazanmadan tərk etmək mənim üçün heç də xoş olmayacaq''.
Xatırladaq ki, Di Mariya bir dəfə - 2013/14-də ''Real''ın heyətində artıq ÇL-i qazanıb. PSJ isə 2020-də tarixində ilk dəfə bu turnirin finalına yüksəlsə də, ''Bavariya'' məğlub olmuşdu. Di Mariyanın parislilərlə müqaviləsi gələn yay başa çatır.