Ölkə çempionatında 8-ci turu çərçivəsində baş tutan “Keşlə” – “Qəbələ” (2:3) matçından sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
Mütəxəssis ilk öncə oyun haqda fikirlərini bildirib:
"Bilirdik ki, çətin səfər oyunu olacaq. Süni örtükdə oynamağa öyrəşməmişik. Ümumən komanda məni razı saldı. Futbolçular istədiklərimizi nümayiş etdirməyə çalışırdı. Oyunumuzdan məmnunam. Əzmkarlıq nümayiş etdirdik. Getdikcə daha yaxşı ola bilərik. Futbolçularımda o keyfiyyət var".
Ülvi İsgəndərov start heyətdə yer almışdı. Ancaq adətən meydana sonradan daxil olanda daha effektiv görünür...
"O prizmadan yanaşmırıq. Statistika baxımından belədi. Ancaq ümumi götürəndə həftəlik tsiklə baxırıq. Onun yanaşması bizi razı salır. Bu gün meydanda bacardığının ən yaxşısını etməyə çalışırdı".