FİFA DÇ-2022-nin seçmə turnirinin Albaniya - Polşa matçı (0:1) ilə bağlı qərarı açıqlayıb.
Xatırladaq ki, I qrupunda oktyabrın 12-də keçirilən matçın 77-ci dəqiqəsində qonaq komandanın oyunçusu Karol Sviderski hesabı açandan sonra yerli fanatlar meydana yad əşyalar atmışdılar. Bu səbəbdən fransalı hakim Kleman Türpen komandaları paltardəyişmə otağına göndərmişdi. Oyun bir neçə dəqiqə sonra bərpa olunmuşdu.
FİFA-nın saytının yaydığı xəbərə görə, yerli azarkeşlərin yolverilməz davranşına görə Albaniya Futbol Federasiyası 150 min İsveçrə frankı (təxminən 163 min dollar) məbləğində cərimələnib. Bundan başqa, Albaniya yığması seçmə mərhələnin Andorra ilə noyabrın 15-nə təyin olunan sonuncu ev oyununu azarkeşsiz keçirəcək.