
Prokuror Benzema üçün 10 aylıq həbs cəzası istədi
Uzun müddət davam edən istintaqdan sonra Kərim Benzemanın da iştirakçısı olduğu məhkəmə prosesi oktyabrın 20-də başlayıb və cümə günü ilk iclas sona çatıb.
Xatırladaq ki, “Real”ın hücumçusu Fransa yığmasından olan sabiq oyundaşı Matye Valbuenanın şantaj olunmasıyla bağlı cinayət işi üzrə məsuliyyətə cəlb oluna bilər. Kərim 2015-ci ildə baş verən şantaj əhvalatında qismən vasitəçi rolunu oynadığını etiraf etmişdi. O, “Marsel”in sabiq oyunçusunun, hazırda “Olimpiakos”da çıxış edən yarımmüdafiəçinin intim xarakterli videosunun internetə çıxmamasının əvəzində həmkarına şantajçılara müəyyən məbləğdə pul ödəməli olduğunu bildirmişdi. Onu da qeyd edək ki, bununla bağlı istintaq başlayandan sonra hər iki futbolçunun milli komandaya yolu bağlanmışdı. Kərim yalnız bu il keçirilən qitə çempionatında yığmanın şərəfini yenidən qorumaq şansı qazanıb.
Versal Cinayət Məhkəməsi qərarlarını noyabrın 24-də verəcək. Son üç gün ərzindəki dinləmə prosesində prokuror Benzema üçün 10 aylıq şərti həbs və 75 min avro cərimə cəzası istəyib. Məhkəmədə iştirak etməyən və vəkili ilə təmsil olunan məşhur futbolçunun bu iş üzrə üzləşə biləcəyi maksumal cəza 5 illik həbs ola bilər. Prokuror şantaj əməliyyatında iştirak edən digər 4 nəfər üçün daha ağır cəza tədbirləri seçilməsini istəyib: adları çəkilməyən şəxslərin 18 aydan 4 ilə qədər həbsə və böyük məbləğdə cərimələrə məruz qalmaq ehtimalı var.