Qəzetimizin ötən sayında Əsgər Abdullayevin oktyabrın 1-dən AFFA Məşqçilər Komitəsinin üzvü kimi işə başladığını xəbər vermişdik.
Bu qurumun rəhbəri, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov da xəbərimizi təsdiqləmişdi. Bu dəfə Əsgər bəylə danışmağı lazım bildik.
- Öncə sizi yeni vəzifəniz münasibətilə təbrik edirik.
- Çox sağ olun, minnətdaram.
- Necə oldu ki, Naxçıvanı tərk edib, bu vəzifəyə gəldiz?
- “Araz-Naxçıvan”la “1+1” illik müqavilə bağlamışdım. Müddət başa çatdı, yeniləmədik. Belə deyim, Məşqçilər Komitəsinə azad agent kimi transfer olunmuşam (gülür). Yenidən Bakıya qayıtmalı oldum. Naxçıvanda olarkən həm Naxçıvan Futbol Federasiyasında işləyirdim, həm də “Araz-Naxçıvan”da. Federasiyada böyük məşqçi kimi çalışırdım. Vaqif Sadıqovla tez-tez əlaqə saxlayırdıq. Bəzi məsələlərlə bağlı məsləhətləşirdik. Yəni bu proses birdən-birə olmadı. “Araz-Naxçıvan”la müqavilə müddətim bitəndən sonra Bakıya gəldim. Bunu Vaqif müəllim də bilirdi. Mənə Məşqçilər Komitəsinin üzvü olmağı təklif etdi. Rəhbərliklə də danışdığını dedi. AFFA da buna razılıq verdi. Qısa müddət sonra işə başladım. Vaqif müəllim sağ olsun, böyük köməyi dəydi. Qəzetiniz vasitəsilə həm ona, həm də AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm.
- Sizi Məşqçilər Komitəsinin digər üzvləri ilə birlikdə oyunları izləyərkən görürük. Çempionatın və klubların vəziyyətini necə dəyərləndirirsiz? Keçmişlə müqayisədə irəliləyiş var?
- Məşqçilər Komitəsinə gələndən sonra bir neçə oyunu digər komitə üzvləri ilə birlikdə izləmişəm. Öz aramızda müzakirələr də edirik. Bütün matçlardan sonra suallar meydana çıxır. Futbolumuzun inkişafı ilə bağlı düşünürük, danışıqlar aparırıq. Belə deyim: bu gün daha yaxşı oyunlar gözləmək olar. Futbolun inkişafı üçün gərək rəqabət olsun. Hazırda “Qarabağ” başqalarından çox fərqlənir. “Neftçi” haqda da bu sözləri demək olar. Bəzi klublarımızda da ötən ilə nisbətən irəliləyiş var. Bazar günü keçirilən “Sumqayıt” –“Neftçi” matçını izlədik. “Sumqayıt” xoşuma gəldi. Bu klubda irəliləyiş görünür. Belə deyim, hansı oyunları izləmişəmsə, onlar haqda nəsə deyə bilərəm.
- Futbolun inkişafı üçün “rəqabət olmalıdı” dediz. Nəyi nəzərdə tutursuz?
- Bu, şəxsi fikrimdi. Klublar çoxlu legioner transfer edir. Bu oyunçular ortabab səviyyədə olmamalıdı. Az olsun, amma daim oyunlarda iştirak etsin, komanda yoldaşlarını arxasınca apara bilsin. Bir-iki klub istisna olmaqla başqalarındakı legionerlər yerli futbolçularımızdan heç nə ilə fərqlənmirlər. Mənə elə gəlir, legioner ehtiyat oyunçular skamyasında oturmamalıdı. Yəni transfer edərkən nəzərə alınmalıdı ki, gətirdikləri oyunçu komandanın aparıcı siması olsun. Bu nöqteyi-nəzərdən rəqabəti artırmaq olar. Yerli futbolçular da öz üzərində çox işləməlidi.
- DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda mübarizə aparan millimizin mundialda iştirak edə bilməyəcəyi dəqiqləşib. Üstəlik, qrupu son pillədə bitirəcəyimiz də məlumdu. Uğurlu nəticə üçün nə çatmadı? Portuqaliya və Serbiyanı nəzərə almasaq, qalan rəqiblər “dişimizə görə” idi.
- Belə deyim, qarşıdakı oyunları da gözləyək, ondan sonra daha dəqiq danışarıq. İstəməzdim qrupda sonuncu olaq. Təəssüf ki, nəticə belə oldu. Serbiya və Portuqaliyanı düzgün vurğuladız. Fikrimcə, püşk atılarkən bu yığmaların qrupda bugünkü yerlərində olacağı bəlli idi. Onlarla oynamaq o qədər də asan deyil.
- Sizcə, günahkar kimdi?
- Bu gün qərar vermək asandı. Amma bizim işimiz məşqçi məsələsi ilə bağlı deyil. Yəni məşqçini çıxarmaq, gətirmək deyil. Bizim işimiz müzakirə etmək, tövsiyə verməkdi. Yəni bu sual mənə aid deyil.
- Hazırda legioner həyatı yaşayan Mahir Emreli, Renat Dadaşov, Anton Krivotsyuk, Namik Ələskərov kimi futbolçularımız var. Onların oyunlarını izləyirsiz? Bu futbolçularla bağlı nə deyə bilərsiz?
- Adı çəkilənlərin Azərbaycan futbolunun inkişafına təkan verəcəyinə inanıram. Nəyə görə? Çünki nə qədər çox futbolçumuz legioner həyatı yaşasa, futbolumuz da o qədər çox irəliləyər. Azərbaycan millisi də güclənər. Xaricdə çıxış edən futbolçularımız öz üzərlərində daha çox çalışırlar ki, heyətə düşə bilsinlər. Yəni güclü rəqabət, öz yerini itirmək qorxusu var. Bu səbəbdən daha çox məşq edib, özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Həmçinin legioner həyatı yaşayan futbolçularımız nə qədər çox olsa, seçim imkanı da artacaq. Yerli futboçularda ölkə xaricində çıxış etmək üçün istək olmalıdı. Bu şəkildə onların həm təcrübələri artacaq, həm də güclü yığma güclənəcək. Güclü deyəndə dünya çempionatını qazanmağı nəzərdə tutmuram. Hər halda, legionerlərimizin sayı artdıqca millinin oyununda irləliləyiş olacaq.
- Növbəti sual U-21 yığmamızla bağlı olacaq. Komandanın baş məşqçisi Milan Obradoviçin mətbuat konfransında deyib ki, klubların start heyətində bir yox, iki 21 yaşadək futbolçu meydana çıxsın. Vaxtilə U-21-ə də rəhbərlik edən mütəxəssis kimi buna münasibətinizi öyrənmək istərdik. Obradoviç haqlıdı?
- Siz 21 yaşlı oyunçulara gənc deyirsiz. Amma əslində hazırda dünyanın aparıcı klublarına baxsaz, heyətdəkilərin əksəriyyətinin 21 yaşdan aşağı olduğunu görərsiz. 17 yaşında ÇL-də, AL-də, DÇ-nin seçmə mərhələsində çıxış edirlər. Bizimkilər də daha çox oynayıb püxtələşməlidilər. Çox qəribədi ki, biz 21 yaşlı oyunçuya gənc deyirik, 28-29 yaşlıya qoca. Artıq dünya klublarında bu yanaşma yoxa çıxıb. Püxtələşmiş futbolçu 17 yaşında da əsas heyətdə oynaya bilər.
- Deyək ki, bu qayda tətbiq olundu. Bunun klublarımızın oyununa təsiri necə olar?
- Mənim üçün bu məsələ yenə də qaranlıqdı. Axı hər yerdə demək olar ki, 21 yaşlılar oynayır.
SƏNƏM FƏRHADOVA