Son vaxtlar “Səbail”in sərgilədiyi oyundan çox azarkeşləri müzakirə olunur.
Daha doğrusu, yeni yaradılan “49” azarkeş qrupu. Hər turda özündən söz etdirən fanklub nədənsə “Keşlə” ilə qarşılaşmada fəallıq göstərmədi. Onların ağ pankart açıb, sakit durması diqqətimizdən qaçmadı.
Görəsən, hər oyun rəqiblərə replika atan fanatlara nə olub? Bunu öyrənmək üçün “49”un həmtəsisçilərindən Asiman Qocayevlə əlaqə saxladıq:
“Əslində məsələ, sadəcə, pankartla bağlı deyil. Klub rəhbərliyi, polislər və mülki geyimdə olan hüquq-mühafizə orqanlarının əməkdaşları açıq şəkildə fəaliyyətimizə mane olmağa çalışırdı. Əngəllər tribunaya gəldiyimiz an başladı. Ənənəvi olaraq toplaşdığımız 5-ci sektor xüsusi nəzarətə götürülmüşdü. Polis əməkdaşları təhlükəsizlik məsələlərini bəhanə gətirərək, bizi ordan uzaqlaşdırmağa çalışdı. Amma israrla yerimizdə qalmağa nail olduq. Daha sonra isə polis 5-ci sektorun girişində dayanıb yanımıza gələn gəncləri başqa sektorlara yönəltməyə başladı. Pankartlarla bağlı məsələ isə dəhşətli idi. Çantamızdan qatlanmış kağızları çıxaran kimi polislər dərhal başımıza toplaşıb, yoxlamağa çalışdı. Bilirsiz, biz hər dəfə hansısa formada kreativ və yumoristik pankartlar hazırlayır, eyni zamanda rəqib komandalara bu və ya başqa şəkildə, etika çərçivəsində atmacalar atırıq. İndiyə qədər nəinki buna heç kim mane olmayıb, əksinə, klub rəhbərliyi də bizə dəstək verib. Bu dəfə isə tam fərqli rəftar gördük. Bizə əvvəlcə, ümumiyyətlə, pankart qaldırmağın qadağan olduğu deyildi. Etirazımızdan sonra gəlib yanımızda durdular ki, "bizim yanımızda nə yazırsız-yazın, baxaq, sonra qaldırın". Polisin və klub rəhbərliyinin bu davranışını ifadə azadlığımızın pozulması və senzura kimi qiymətləndirdiyimizdən etiraz əlaməti kimi oyunun sonuna qədər heç bir şüar səsləndirmədik və boş ağ vərəqlər qaldırdıq”.
GÜNAY VƏLİYEVA