“Sumqayıt-2”nin sabiq baş məşqçisi, hazırda “kimyaçılar”ın futbol akademiyasında çalışan Zaur Hidayətov təcrübə keçmək üçün ötən həftə Kiyev “Dinamo”sunun düşərgəsində olub.
44 yaşlı mütəxəssis Mirça Luçeskunun çalışdırdığı komandanın məşqlərində iştirak etməklə yanaşı, “ağ-göylər”in akademiyasına da baş çəkib, ordakı şəraitlə tanış olub, aşağı yaş qruplarının hazırlığını izləyib. Srağagün vətənə dönən Zaur bəylə dünən görüşüb, səfər təəssüratını bölüşməsini istədik.
- Necə oldu ki, “Dinamo”da təcrübə keçməyə qərar verdin? Ümumiyyətlə, başqa klublar da var idi, yoxsa tək “Dinamo” ilə razılaşmışdın?
- Bu səfər çoxdan planlaşdırlmışdı. Dəvət gələndə çox fikirləşmədən “Dinamo”nu seçdim. “Sumqayıt” rəhbərliyi də bu işdə mənə dəstək verdi, səfər xərclərimi qarşıladı. Başqa variantlar da var idi, ancaq mən “Dinamo”nu seçdim. Kiyev təmsilçisinin Avropada tanınan klublardan biri olması seçimimə təsirsiz ötüşmədi. Və bir də baş məşqçi amilini qabardardım. Fikrimcə, Mirça Luçesku Avropanın ən güclü məşqçilərindən biridi. Çalışdığı klub və yığmalar onun hansı səviyyədə mütəxəssis olduğunu sübut edir. İşlədiyi komandalarda qazandığı nəticələr gücündən xəbər verir. Düşündüm ki, onun rəhbərliyi altında keçən məşqlərdə iştirak edim, fikir mübadiləsi aparım, təcrübəsindən yararlanıb futbol savadımı artırım, iş prinsiplərindən, metodikasından yararlanım. “Dinamo”da gördüklərim mənim üçün böyük təcrübə oldu.
- Neçə gün “Dinamo”nun məqşlərində iştirak etdin və maraqlı nələr gördün?
- Bir həftə klubun düşərgəsində oldum, əsas komandanın məşqlərində iştirak etdim. Maraqlı nə gördüm? Yenilik baxımından çox şey. Məşq prosesinin axarını, məşqdə olan intensivliyi, verilən tapşırıqların futbolçular tərəfindən maksimum şəkildə yerinə yetirildiyini. Belə deyim, əsl peşəkarlıq. Oyunçuların məşqdə aldığı yükləmələr inanılmazdı. Özünüz təsəvvür edin, 2 saatlıq hazırlıq prosesində cəmi 2 dəfə su fasiləsi olurdu. Gündəlik məşqdə bir oyunçunun qət etdiyi məsafəni görəndə çox təəccübləndim. İnanılmaz göstəricilər idi. Bəlkə də özüm görməyib başqasından həmin rəqəmləri eşitsəydim, inanmazdım. Ancaq hər məşqdən sonra baş məşqçiyə təqdim olunan hesabata mən də baxırdım və real durumu görürdüm. İnfrastruktur baxımından da hər şey yüksək səviyyədə təşkil olunub. 6 mərtəbəli bazada hər bir şəraitin olduğunu qeyd edərdim. Təsəvvür edin, bazada lazımi şəraitə malik, müasir tibbi avadanlıqla təchiz olunan 6 həkim otağı var. Geniş iki fitnes zalı, istirahət otaqları...Qısası, çox öndədilər. Bazanın həyətində 7 məşq meydanı var ki, 5-i təbii, 1-i süni, 1-i isə yarıtəbii-yarısüni örtükdü. Klubda hamı çalışır öz işini görsün. Necə deyərlər, hamı kimin müdir, kimin inzibatçı olduğunu bilir.
- Luçesku ilə görüşdə nə danışdız, hansı mövzular barədə müzakirələr oldu?
- İnanırsız, burdan gedəndə özlüyümdə Luçesku tərəfindən necə qarşılanacağım, məni necə qəbul edəcəyi barədə çox fikirləşirdim. Hər halda, qitənin sayılıb-seçilən mütəxəssislərindən biridi. Bu üzdən bir qədər narahatlıq var idi. Ancaq ora çatanda tam əksini gördüm. Qarşımda çox sadə, mehriban, hər sualıma isti yanaşan bir mütəxəssis var idi. Hətta çox vaxt söhbət etmək, nəyinsə müzakirəsini aparmaq təklifi belə ondan gəlirdi. Açığı, bu qədər istiqanlı insan olduğunu gözləmirdim. Təbii ki, əsas müzakirə mövzusu futbol idi. Müasir futbolun tələblərindən danışırdıq, taktiki-texniki yöndə söhbət edirdik. Bir həftədə ona o qədər sual verdim ki (gülür). Oyun fəlsəfəsindən, oynatdığı sistemdən tutmuş, məşqlərdə nəyə daha çox üstünlük verməsinə qədər. Çiynində illərin təcrübəsi var. Onun futbola baxışı, sabiq komandalarında çalışdığı illər mənim üçün çox maraqlı idi. Adam bütün suallarıma ətraflı, səbirlə cavab verirdi. Yuxarıda qeyd etdiyim kimi, məşqlərdə futbolçular həddən artıq yüklənirlər. Bunun sonradan ziyan olub-olmayacağı ilə maraqlandım. “Ağır, intensiv məşqlər komandaya nəticə qazandırırsa, deməli, belə də davam etmək lazımdı” dedi.
- 74 yaşlı mütəxəssisin Azərbaycan futbolu barədə məlumatı var?
- Var. Amma o qədər də geniş deyil. Özü dediyi kimi, arada yığmanın oyunlarından epizodları izləyir.
- Əsas komandanın məşqlərində iştirak etməklə yanaşı, “Dinamo” Futbol Akademiyasının iş prinsipiylə də tanış olmaq imkanı qazandın. Bir qədər də akademiya barədə məlumat verərdin. Çalışdığın “Sumqayıt” və “Dinamo” akademiyalarını müqayisə edərdin.
- Klub rəhbərliyi əsas komandaya necə münasibət göstərirsə, akademiyaya da elə baxır. Öncə onu bildirim ki, “Dinamo”nun ayrı-ayrı yerlərdə iki akademiyası var. Birində 6-12, digərində isə 13-17 yaş aralığında komandalar məşq edir. U-19 isə əsas komandanın bazasının yaxınlığında, ayrıca binada məskunlaşıb. Hər iki akademiyaya baş çəkdim, şəraitlə tanış oldum. Hər akademiyanın yüksək səviyyədə 3 meydanı var. Müxtəlif yaş qruplarının hər birinin ayrıca paltardəyişmə otaqları, fitnes zalları var. Restoran, iclas və dərs zalları – bir sözlə, bir uşağın rahatlığı üçün hər bir şərait yaradılıb. Akademiyanın əlaqələndiricisi Aleksandr İşenko ilə görüşdüm. İşlə bağlı uzun söhbətimiz oldu. Mənə maraqlı olan bütün sualları cavabladı, iş prinsipləri ilə tanış oldum. Bundan sonra da daim əlaqədə olacağamızla bağlı razılığa gəldik. Yardıma ehtiyac olanda daim müraciət edə biləcəyimi dedi. Çalışacam iki akademiya arasında sıx əlaqələr yaradım. Çünki “Dinamo”dan öyrənə biləcəyimiz çox nüans var. İki akademiyanı müqyisə etmək düzgün olmaz. Onlardan geri qaldığımız heç kimə sirr deyil. Xüsusilə də meydanlar baxımından. İş prinsipi və məşq proseslərinə gəlincə, bunu da müqayisə etməzdim. 20 yaşa qədər futbolçular arasında son dünya çempionu olan Ukrayna yığmasının əsasını “Dinamo” və “Şaxtyor”un akademiyasının yetirmələri təşkil edir. Bu fakt artıq çox şeydən xəbər verir.
- Akademiyada həmyerlilərimizə rast gəlmədin?
- Özüm görmədim, ancaq İşenko kiçik yaş qruplarında Kiyevdə yaşayan soydaşlarımızın övladlarının olduğunu dedi. Düzdü, onu da bildirdi ki, sayları çox deyil.
RƏŞAD