Karyerasının sonlarına yaxın ''Qalatasaray''ın da şərəfini qorumuş ''Çelsi''nin əfsanəsi Didye Droqba Fransa kanallarından birinə verdiyi açıqlamada futbol həyatı boyu qarşılaşdığı irqçilik və bununla mübarizə aparmağın yolları haqda danışıb.
Türkiyə də daxil olmaqla bir çox ölkədə irqçiliklə üzləşdiyini bildirən Droqba bunları deyib:
''İrqçiliyə qarşı mübarizə aparmağın bir çox yolu var. Bu, adamdan adama dəyişir. ''Qalatasaray''ın heyətində ''Fənərbaxça''ya qarşı derbidə irqçiliklə qarşılaşsam da buna önəm vermədim. Eləcə də Fransada bəzi səfər oyunlarında daim bu problemi yaşayırdım, amma qulaqardına vurmağa çalışırdım. Cahil insanlar İngiltərə də daxil olmaqla dünyanın hər yerində var. İrqçiliyin cəhalət və avamlılıqdan irəli gəldiyini bildiyim üçün dünyanın istənilən yerində belələrinə fikir verməməyə çalışırdım. Belələrini susdurmaq üçün ən gözəl vasitə gördüyün işi ən yaxşı şəkildə yerinə yetirməkdi. Öz güclü oyunumla və vurduğum qollarla bu insanları mənə hörmətlə yanaşmağa vadar etdim. Məni dərimin rənginə görə sevməsən belə, məni qəbul etmək və alqışlamaq məcburiyyətindəsən. Çünki mən güclüyəm. Mənim üsulum məhz bu cür idi''.
Xatırladaq ki, ''Qalatasaray''a 2013-ün yanvarında gələn və 2014-ün yayında ayrılan Droqba 53 rəsmi oyunda 20 qol, 13 məhsuldar ötürməlik performans sərgiləmişdi.