Tayson Füri – Deontey Uaylder döyüşü ətrafında səs-küy davam edir.
Xatırladaq ki, Füri oktyabrın 10-da Las-Veqasda keçirilən döyüşün 11-ci raundunda rəqibini nokauta salıb. Onun atası Con Füri qarşıdakı planlar ilə bağlı danışıb:
“Hesab edirəm ki, Tayson ya Aleksand Usiklə döyüşməlidi, ya da heç kim ilə. Qalan rəqiblər məni həyəcanlandırmır – onlar oğluml eyni səviyyədə deyil”.
“Yutub” kanallarından birinin qonağı olan Tayson da növbəti dəfə son qələbəsi haqda danışıb:
“Əminəm ki. həmişə olduğu kimi, yenə Deontey çoxlu bəhanə tapacaq. Mən onu təmiz və açıq döyüşdə məğlub etmişəm – bütün tarixçə bundan ibarətdi. Uaylder nə vaxta yenidən rinqlə çıxsa və döyüşsə, təəccüblənəcəm”.
Bu döyüşlə bağlı daha bir maraqlı xəbər var. WBC kəməri uğrunda qarşılaşan hər iki boksçu tibbi mülahizələr üzündən bir müddət rinqə çıxa bilməyəcək. Əli sınan və döyüşdən dərhal sonra xəstəxanaya aparılan Uaylder yarım il ərzində rinqə çıxa bilməz. Döyüşün gedişində iki dəfə nokdaun zərbəsi alan Füri isə 45 günlüyə döyüşlərdən uzaqlaşdırılıb. Onu da xatırladaq ki, 33 yaşlı Füri indiyə qədər rinqdə keçirdiyi 32 döyüşün 31-də qalib gəlib, 1-də heç-heçə edib.
Son döyüş ətrafında növbəti açıqlama Uaylerdin məşqçisi Malik Skottdan gəlib. O, Deonteyin döyüş başa çatandan sonra Fürinin əlini sıxmaması haqda danışıb:
“Ona görə rəqibin əlini sıxmadı ki, döyüşə qədər olduğu kimi, döyüşdən sonra də Füriyə nifrət hissi ilə yaşayırdı. Hər bir adam daxilindəki hissin təsiri altında hərəkət edir, olaylara reaksiya göstərir. Deontey Uaylder qardaşımdı, ancaq oğlum deyil. Mən ona deyə bilmərəm ki, bunu et, onu etmə. Onu ruhlandıra, vəziyyətlə bağlı baxışlarımı çatdıra bilərəm. Ancaq məsləhət verə bilmərəm. O, Fürinin əliini sıxmaq istəmədi, çünki hələ də rəqibə nifrət edirdi. Burda anlamaq lazımdı ki, Deontey, adətən, belə hallarda özünü necə aparır? Heç də hər döyüşdən sonra əlsıxmaya belə yanaşmır. Sadəcə, Tayson Füriyə münasibətdə belə oldu. Döyüşdən sonra Deonteyi qucaqladım, əlini sıxdım, özəl təyyarəyə oturtdum və evə göndərdim. Bir müddət, ümumiyyətlə, onunla boks haqda danışmayacağıq”.