2020-ci ildən fərqli 2021-də çox sayda futbol matçına şahidlik etdik.
ÇL, AL, AÇ-2020 ilə yanaşı, DÇ-2022-nin seçmə mərhələsinin qarşılaşmaları da bu ilin payına düşdü. Hakimliyimizin inkişaf etdiyi, peşəkar hakim layihəsinin hazırlandığı dövrdə referilərimizdən kim DÇ-2022-nin seçmə mərhələ qarşılaşmasında ədaləti qoruyub? Bu, futbol ictimaiyyəti və azarkeşlər arasında maraq doğuran suallardan biridi. Məsələni araşdırarkən gördük ki, yetərincə FİFA hakimimizin olmasına baxmayaraq, onlardan yalnız biri bu turnirin oyunlarına təyinat alıb. Söhbət Əliyar Ağayevdən gedir.
FİFA referisinin birinci oyunu martın 28-də Herninq şəhərindəki “Herninq Arena”da keçirilən Danimarka – Moldova qarşılaşması olub. Bu görüşdə ona Zeynal Zeynalovla Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirib. İkinci görüş isə sentyabrın 7-də Bratislavada baş tutan Slovakiya – Cənubi Kipr matçı olub. Ağayevə yenə Zeynalovla Əmirəli kömək edib. Dördüncü hakim kimi Elçin Məsiyev iş başında olub.
Maraq üçün qeyd edək ki, 2021-də ölkəmizi beynəlxalq oyunlarda təmsil etməli olan FİFA referilərinin siyahısı ötən il dekabrın 17-də açıqlanıb. FİFA tərəfindən təsdiqlənən siyahıda Əliyar Ağayev, Rauf Cabbarov, Elçin Məsiyev baş hakim, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Hüseynov, Elşad Abdullayev, Pərvin Talıbov və Cavanşir Yusifov isə köməkçi-hakim kimi yer alıb.
SƏNƏM FƏRHADOVA