“San Paulu”da çoxdan gözlənilən məşqçi dəyişikliyi bu gün baş verib.
Braziliya klubu baş məşqçi Ernan Krespo ilə yolları ayırıb. Komandanın mövsümün əvvəlindən A seriyasında uğursuz nəticələr göstərməsi, nəhayət, rəhbərliyin “səbr kasasını daşırıb”. Bu liqanın 25-ci turunun “Kuyaba” ilə səfər oyununun nəticəsi (0:0) 46 yaşlı məşqçinin istefaya göndərilməsinə səbəb olub. Argentinalı mütəxəssisin Braziliya macərası 8 ay çəkib: o, bu ilin fevralında klubla 2 illik müqavilə imzalamışdı.
Rəhbərlik Kresponun yerinə kluba doğma olan məşqçini təyin etməyi lazım bilib. Komandanı yenə də Rojerio Seni çalışdıracaq. Futbolçu həyatını, demək olar ki, “San Paulu”ya (1993-2015) həsr edən ötənlərin məşhur qapıçısı ilə bağlanan müqavilə 2022-ci ilin sonuna qədər nəzərdə tutulub. Komandaya 2017-ci ildə qısa müddətdə başçılıq etmiş Seni Braziliyada “Fortaleza”, “Kruzeyro” və “Flamenqo”nu da çalışdırıb. 48 yaşlı mütəxəssisin “Flamenqo”nu 2020-ci ildə A seriyasında çempionluğa daşıdığını da xatırladaq.