Növbəti mövsümdən ölkə futbolunda əsaslı dəyişikliklərin olacağı gözlənilir.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu yaxnlarda qurumun rəsmi saytına müsahibəsində də bunun anonsunu vermişdi. Məmmədov dekabrda yeni strategiya ilə bağlı ictimaiyyətə açıqlama verəcəyini bildirib.
Məsələ ilə bağlı bugünlərdə “Football-plus.az” saytına ilginc məlumat daxil olub. AFFA-ya yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə görə, elitada komanda sayını 10-a çatdırmağı düşünən assosiasiya rəhbərliyi diviziona da əl gəzdirəcək. Belə ki, 2021/22 “futbol ili”ndə aşağı dəstədə çıxış edən əvəzedici komandaların ayrıca çempionatı təşkil olunacaq. Və əksər Avropa ölkələrində olduğu kimi U-23 liqası adlandırılacaq.
Funksionerlər birinci divizionda komanda sayını isə Region Liqasında iştirak edən və sabit maliyyə dəstəyinə malik kollektivlərin hesabına artırmaq niyyətindədi. Premyer-liqada olduğu kimi, aşağı dəstədə də 10 komandanın çıxış etməsi planlaşdırılır.