Xoşbəxtliklə bədbəxtlik arasında məsafənin bir addım olduğu haqda deyim indi Ernandes qardaşlarının misalında yerinə düşür: necə deyərlər, dünən sevincə qərq olan Lukas ilə Teo bu gün kədər içindədilər...
Onlar bazar günü Fransa yığması ilə Millətlər Liqasının qalibi olmuşdular. Lakin çox keçmədən arzuolunmaz vəziyyətə düşüblər. İspaniyanın Madrid şəhər məhkəməsi Lukas Ernandesə 6 aylıq həbs cəzası kəsib. “Bavariya”nın oyunçusu məhkəmə qərarına əməl etmədiyi üçün belə aqibətlə üzləşib.
Xatırladaq ki, o, bir neçə il əvvəl “Atletko”da çıxış edərkən Madrid küçələrinin birində sevgilisi Ameliya de la Osa Lyorente ilə dalaşmışdı. Məhkəmə 2017-ci ildə onlara 31 günlük ictimai iş cəzası vermiş və 6 ay ərzində bir-birinə yaxınlaşmağı qadağan etmişdi. Buna baxmayaraq, sonradan ailə quran cütlük elə həmin il Baham adalarına istirahətə yollanıbmış. Bu səbəbdən, yəni məhkəmənin qərarına məhəl qoymadığı üçün Lukasa 6 aylıq həbs cəzası verilib. Futbolçu oktyabrın 19-da cəzasını çəkmək üçün Madridə yollanmağa borcludu. Artıq onun vəkili apellyasiya məhkəməsinə müraciət edib. Bu işə 10 gün ərzində baxılmalıdı.
Lukasın qardaşı Teo da yaxşı vəziyyətdə deyil. “Milan”ın müdafiəçisi koronavirusa yoluxub. 23 yaşlı futbolçu dərhal özünü ətraf aləmdən təcrid edib. Onun komandanın azı iki növbəti oyununu buraxacağı xəbər verilib.