Dünya çempionatının İstanbul mərhələsi “Mersedes” düşərgəsində ikili hisslər doğurdu.
Bir tərəfdən Bottas bu il ilk qələbəsini qazandısa, digər tərəfdən Hemilton liderliyi əldən verdi.
Finişə 12 dövrə qalmış Bottas “Ferrari”nin pilotu Lekleri arxada qoydu. Hemiltonla Okon köhnə təkərlərlə mübarizəni davam etdirməyə qərar verdi. Ardından “Mersedes” Hemiltonu boksa çağırdı və britaniyalı bu qərardan narazı qaldı. Lüis radiorabitədə gileylənməkdə ikən Qasli də 5-ci yer uğrunda mübarizədə onu sıxışdırdı. Fürsətdən yararlanan Peres də Lekleri arxada qoydu və “Ferrari”ni fəxri kürsüdən məhrum etdi. Bottas finişə 1-ci çatdısa, hələ yürüşdən əvvəl Türkiyədə qələbə qazanacağına inanmadığını bildirən Ferstappen 2-ci oldu. Bu nəticə də niderlandlı pilota liderliyi qaytarmaq imkanı yaratdı. O, indi Hemiltondan 6 xal irəlidədi. Mövsümün sonuna isə 6 mərhələ qalır. Peres 3-cü yeri tutmaqla “Red Bull”a ikiqat podium qazandırdı.
Yeri gəlmişkən, "Alpine" komandasının pilotu Esteban Okon "Formula-1" üzrə dünya çempionatında yeni rekorda imza atıb. 25 yaşlı sürücü buna Türkiyə Qran-prisində nail olub. Fransalı idmançı 24 il ərzində yarışı pit-stopsuz tamamlayan ilk pilotdu. Bura qırmızı bayraqlarla dayandırılmayan və məsafəsi əhəmiyyətli dərəcədə qısaldılmayan mərhələlər daxildi.
Okon "Pirelli" təkərləri ilə bütün məsafəni qət edib. "Ferrari"dən Lekler və "Mersedes"dən Hemilton da oxşar taktikadan istifadə etməyə çalışıblar, lakin sonda təkərləri dəyişdirməyə məcbur qalıblar.
Sonuncu dəfə 1997-ci ildə keçirilən Monako “Qran-pri”sində Mika Salo pit-stop olmadan finişə çatmış və 5-ci yeri tutmuşdu. Okon isə Türkiyə mərhələsini 10-cu sırada bitirib.