“France Football” həftəliyi 2021-ci ilin ən yaxşı oyunçusuna təqdim ediləcək “Qızıl top”a namizədlərin siyahısını açıqlayıb.
Fransa nəşri siyahıya 30 futbolçunun adını daxil edib.
Namizədlərlə tanış olun: Sesar Aspilikueta (“Çelsi”, İspaniya), Nikolo Barella (“İnter”, İtaliya), Kərim Benzema (“Real”, Fransa), Leonardo Bonuççi, Corco Kyellini (hər ikisi “Yuventus”, İtaliya), Kevin de Bruyne (“Mançester Siti”, Belçika), Kriştiano Ronaldo, Bruno Fernandeş (hər ikisi “Mançester Yunayted”, Portuqaliya), Ruben Diaş (“Mançester Siti”, Portuqaliya), Canluici Donnarumma (PSJ, İtaliya), Fil Foden, Rahim Sterlinq (hər ikisi “Mançester Siti”, İngiltərə), Erlinq Holann (“Borussiya” Dortmund, Norveç), Jorjinyo (“Çelsi”, İtaliya), Harri Keyn (“Tottenhem”, İngiltərə), Nqolo Kante (“Çelsi”, Fransa), Simon Kyaer (“Milan”, Danimarka), Robert Levandovski (“Bavariya”, Polşa), Romelu Lukaku (“Çelsi”, Belçika), Riyad Mahrez (“Mançester Siti”, Əlcəzair), Lautaro Martines (“İnter”, Argentina), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (PSJ, Argentina), Luka Modriç (“Real”, Xorvatiya), Jerar Moreno (“Vilyarreal”, İspaniya), Meyson Maunt (“Çelsi”, İngiltərə), Neymar (PSJ, Braziliya), Pedri (“Barselona”, İspaniya), Məhəmməd Salah (“Liverpul”, Misir), Luis Suares (“Atletiko”, Uruqvay).
Qalibin kimliyi noyabrın 29-da Parisdəki Şatle Teatrında keçiriləcək təntənəli tədbirdə məlum olacaq. Yeri gəlmişkən, 2019-cu ildə “Barselona”nın sabiq hücumçusu, hazırda PSJ-də çıxış edən Lionel Messi karyerasında 6-cı “Qızıl top”unu məhz bu məkanda almışdı. Xatırladaq ki, 2020-ci ildə mükafat təqdimat tarixində ilk dəfə sahibini tapa bilməmişdi. Təşkilatçı nəşr ilin ən yaxşı futbolçusunu müəyyənləşdirən sorğunu koronavirus pandemiyası səbəbindən keçirməmişdi. Bu dəfəki siyahıya nəzər salarkən bir sıra maraqlı məqamlar diqqəti cəlb edir.
* Siyahıya İtaliyadan daha çox oyunçu düşüb. AÇ-2020-nin qalibi olan komandanın 5 üzvü – Canluici Donnarumma, Leonardo Bonuççi, Corco Kyellini, Nikolo Barella və Jorjinyo fərdi mükafata iddia edirlər. Bu yay keçirilən qitə çempionatının finalçısı İngiltərənin 4, Fransa, Portuqaliya və İspaniyanın hərəyə 3 oyunçusu nominantlar arasındadı.
* Daha çox oyunçusu namizəd olan klubların siyahısına isə İngiltərə premyer-liqasının nəhəngləri başçılıq edir: “Mançester Siti” və “Çelsi” hərəyə 5 oyunçu ilə təmsil olunub. PSJ-dən 4, “Barselona” və “Real”dan isə 3 futbolçu “Qızıl top”a iddia edir.
* Kriştiano Ronaldo “France Football”un siyahısına ilk dəfə 2004-cü, Lionel Messi isə 2006-cı ildə düşmüşdü. Onlar “debüt etdikləri” ildən sonrakı bütün müsabiqələrin iştirakçısı olublar.
* Nominatlar sırasına düşən 5 oyunçunun yaşı 23-dən azdı. Pedrinin 18, Erlinq Holann ilə Fil Fodenin 21, Canluici Donnarumma ilə Meyson Mauntun isə 22 yaşı var.
* Bukmekerlər mükafata aşkar favorit kimi Messini görürlər (əmsal 1,5 və daha aşağıdı). Argentinalıdan sonra daha şanslı oyunçular Robert Levandovski ilə Jorjinyodu.