Usman Dembele və Serxio Aquero zədəsini sağaldıblar.
“Barselona”nın mətbuat xidmətinin yaydığı məlumatda 24 yaşlı fransalı ilə 33 yaşlı argentinalı hücumçunun komanda ilə məşqlərə başladığı bildirilib. Qeyd edək ki, Aquero bu yay sıralarına keçdiyi komandada hələ də debüt edə bilməyib. “Barselona”da 2017-ci ildən çıxış edən Dembele də yayda aldığı zədə üzündən cari mövsümdə meydana çıxa bilməyib. Serxio ilə Usmanın La Liqanın “Valensiya”ya qarşı oktyabrın 17-nə təyin olunan oyununda iştirakı gözlənilir.
Bu da var ki, hücumçuların sıraya dönməsinə sevinən kataloniyalılar indi də Ronald Arauxoya görə narahatdılar. O, Uruqvay millisinin DÇ-2022-nin seçmə mərhələsinin Argentina ilə matçında (0:3) zədələnib. 22 yaşlı müdafiəçinin yaşıl meydana nə vaxt qayıdacağı hələ ki məlum deyil. Yeri gəlmişkən, Ronald ötən mövsüm müxtəlif zədələrə görə “Barselona”nın 15-dən çox oyununu buraxmalı olub.