Məşhur fransız mütəxəssis ilə bağlı sərlövhə istər-istəməz adamı cəlb edir.
Axı Arsen Venger 2018-ci ildə 22 il (!) çalışdırdığı “Arsenal”ı tərk edəndən sonra digər klub və milli federasiyalardan aldığı çoxsaylı təklifləri geri çevirib. Bir müddət işsiz qalan məşhur çalışdırıcı hazırda FİFA-nın futbolun qlobal inkişafı şöbəsinin rəhbəridi.
Amma onun məşqçilik karyerasını bərpa edəcəyini düşünməyin. Doğrudu, Venger müəyyən müddətdən sonra hansısa komandanın “sükanı arxasında” olacaq. Lakin onun məşqçilik fəaliyyəti yalnız bir matç üçün nəzərdə tutulub. 71 yaşlı fransalı Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Hilal” klublarının oyunçularından qurulacaq komandaya PSJ ilə oyunda rəhbərlik edəcək. “Riyad Season Cup” turniri çərçivəsində keçiriləcək yeganə matç gələn ilin yanvarına planlaşdırılıb.