“Futbol elə oyundu ki, sən qol vurmasan, sənə qol vuracaqlar” – bu sözləri 21 yaşadək futbolçulardan ibarət yığmamızın serbiyalı baş məşqçisi Milan Obradoviç deyib.
Finlandiya ilə oyunda qeydə alınan heç-heçə Milanın dilini açıb, başlayıb bizə futbolun fəlsəfəsindən danışmağa. Guya biz indiyə qədər bunu bilmirdik. Qanı qanımızdan, canı canımızdan olan Nazim Süleymanov AZAL-ın baş məşqçisi olanda belə bir açıqlama vermişdi: “Futbolun meyvəsi qoldu, qol vuranda sən onu dadmış olursan, ləzzət alırsan”.
Süleymanov özü hücumçu olub, dəfələrlə rəqibin qapı torunu silkələyib. Onun vurduğu qollara azarkeşlər çox sevinib, vətənimizdən uzaqlarda da Azərbaycanı və onun futbolunu uğurla təmsil edib. Bu gün həmin Nazim Süleymanov işsizdi. Elə onun kimi neçə-neçə azərbaycanlı mütəxəssis özünə futbolda iş tapa bilmir, papaqlarını günə yandıra-yandıra ömürlərini xərcləyirlər. Söhbət heç də məsələnin maddi tərəfindən getmir, pis-yaxşı hamı özünə çörəkpulu qazanır, başını dolandırır. Acınacaqlısı odu ki, biz belə insanlardan Azərbaycan futbolunun inkişafı üçün yararlana bilmirik.
Azərbaycanlı məşqçiləri kənarda saxlayan AFFA onların əvəzində futbolumuza xeyir verəcək, təkanla inkişafa aparacaq əcnəbi mütəxəssislərə qucaq açsaydı, özümüzü ovundurardıq. Deyərdik ki, kişilər iş görür, ortaya nəticə qoyurlar, veteranlar da sussun, biz də. Amma ortada nə inkişaf var, nə də nəticə. Milan Obradoviç kimdi, harda məşqçilik edib, özünü yaxşı mütəxəssis kimi isbatlayıb? Yaxud da AFFA-nın Qurban Qurbanovdan sonra əsas milliyə baş məşqçi gətirdiyi Nikola Yurçeviç kim idi, hansı klubu, yaxud da millini çalışdırmışdı? Cavablar məlumdu, dəfələrlə də bunu vurğulamışıq. Təəssüf ki, milli komandalarımız kimlər üçünsə təcrübə sahəsinə, eksperimentlər meydanına çevirib. İllərini xərcləyən, pulu havaya sovrulan, futbolunun imici yerlərdə sürünən bizik. Azərbaycanda milyonlar qazanıb, bütün ömürlərini səfa içində yaşayacaq qədər sərvət toplayanlar isə əcnəbilərdi. Bu əcnəbi mütəxəssislər yerlilərdən yaxşı deyilsə, bizə heç nə qazandırmırlarsa, onlara nə üçün qucaq açıb, ayaqlarının altına sərvət səpirik? Heç şübhə etməyin ki, bu suala AFFA-da heç kimdən cavab almaq mümkün deyil.
Azlıqda qalan rəqiblə oyunda məğlubiyyətdən qaçan U-21-in serbiyalı baş məşqçisi Milan Obradoviçin “futbol biliyinə”, “dahiyanə” fikirlərinə diqqət yetirməyə davam edək. “Son dəqiqələrdə hesabı bərabərləşdirsək də, qələbə qazanmaq üçün vaxtımız çatmadı” – bu əvəzsiz fikirlər də ona məxsusdu. Az qala körpə uşaq da bilir ki, futbol 90 dəqiqədən ibarətdi, “vaxtımız çatmadı” sözünü işlətmək diletantlıqdan başqa bir şey deyil. Sən milli komandanın baş məşqçisən, ay Obradoviç. Komandanı taktiki-texniki cəhətdən hazırlamağın, nə vaxt hücum edib, nə vaxt müdafiəyə çəkilməyin lazım olduğunu müəyyənləşdirəcək adam da sənsən. Çalışdırdığın komanda 90 dəqiqə ərzində düz-əməlli hücum qurub, azlıqda qalan rəqibi məğlub edə bilməyibsə, sənə heç 900 dəqiqə də kifayət etməyəcək. Məlum məsələdi ki, səfərdə oynayan finlər hesabı qorumağa çalışıb, azlıqda qalandan sonra isə onlar için bunu bacarmaq çətinləşib. Oyunun sonlarına doğru fiziki yorğunluq səbəbindən bunu etmək daha da çətin olub. Bunu futboldan az-çox baş çıxaran hər kəs yaxşı başa düşür. Sən bizi futboldan bixəbər, avam adam sayıb, başımızı aldatmağa çalışma. Yalanlarını da özünə saxla, cənab Obradoviç.
Milli komandalarımızın nəticələrinin bərbad olması, əcnəbilərin bizi quyunun dibinə sürükləməsi AFFA-nı da çətin vəziyyətə salıb. Əsas millimizin İralndiyaya acınacaqlı məğlubiyyətindən sonra italyan çalışdırıcı Canni de Byazinin süni şəkildə hədəfə çevrilməsi, tənqid olunması proseslərin maraqlı şəkil alacağının xəbərçisidi. Azarkeşlərin də ürəyində ümid işığı yaranıb ki, hesabat günü yaxınlaşır, çox tezliklə “boz bina”da məskunlaşan səlahiyyət sahiblərindən futbolumuzun belə acınacaqlı durumda olmasının səbəbi soruşulacaq. Onların bu suallara nə cavab verəcəyi, bulanan sulardan necə quru çıxacağı maraqla gözlənilir. Bir də görəcəyik ki, əcnəbi çalışdırıcıları Azərbaycana gətirənlər yaxalarını kənara çəkəcək, verdikləri qərarın arxasında dayanmayacaqlar. Onda da hamı bir-birindən soruşacaq ki, bu əcnəbiləri Azərbaycana kim gətirib? Qorxuram ki, axırda biz jurnalistlər günahkar olaq...
AMAL