Canni de Byazi Azərbaycan milli komandasının baş məşqçisi təyin olunanda bir çoxları kimi mən də ümidlənmişdim. İnanırdım ki, italiyalı mütəxəssisin sayəsində yığmamızın oyununda hansısa dəyişiklik olacaq. Lakin nəticələr göz qabağındadı. Millətlər Liqasında 4 komanda arasında 3-cü olan komandamız ümidləri doğrultmadı. Burda 6 görüşdə 1 qələbə qazanan milli 2 oyunda məğlub oldu, 3 qarşılaşmada isə heç-heçə etdi. Əslində 6 matça 6 xal yığan və qapısından cəmi 4 top buraxan yığmaya hardasa ümid bəsləmək olardı. Çünki baş məşqçi yeni idi və təzə sistem tətbiq edirdi. Amma...
Hazırda davam edən dünya çempionatının seçmə mərhələsində millimizin nəticələri də bəllidi: 6 matçda 5 məğlubiyyət və 1 heç-heçə. Hesabında 1 xal olan De Byazinin komandası böyük ehtimalla sonuncu olacaq. İctimaiyyət əsaslı olaraq italiyalını bu nəticələrə görə günahkar hesab edir. Çünki bir çoxları, elə mənim üçün də hazırda milliyə dəvət olunan futbolçular müstəqillik tariximizin ən yaxşılarıdı. “Qarabağ”ın oyunçuları Konfrans Liqasındakı çıxışı ilə könüllərdə taxt qurub. Mahir Emreli “Legiya”dakı oyunu ilə Polşanı fəth edib. Anton Krivotsyuk, Namik Ələskərov, Renat Dadaşov öz komandalarının heyətində ən yaxşılar sırasındadı. Deməli, heyət baxımından sıxıntı yaşamırıq. Bəs onda De Byazinin rəhbərlik etdiyi millinin nəticələri nə üçün ürəkaçan deyil?
65 yaşlı mütəxəssisin bir sıra açıqlamaları aylar keçəndən sonra dəyişsə də, reytinq söhbəti həmişəki kimi qalıb. Məsələn, Millət Liqasında Lüksemburqla oyundan öncə keçirilən mətbuat konfransında dediklərinə diqqət yetirək:
“Uzun müddət futboldan kənarda olsam da, qayıdan kimi bütün gücümlə çalışmağa başlamışam. Futbol üçün çox darıxıram. Futbolçular da futbolsuz qalanda onlarda problem yaranır. Əminəm ki, siz də darıxmısız. Arzu edirəm ki, bu qəribə vəziyyət tezliklə bitsin. Azərbaycan millisi mənim üçün yeni çağırış, stimuldu. Dekabrda İtaliyada A seriyasının bir klubunun təklifini rədd etdim. Azərbaycan variantı daha maraqlı oldu. Burda böyük nailiyyətə imza atmaq istəyirəm. 26 gün əvvəl Bakıya gəlmişik, köməkçilərimlə gündə 18 saat işləmişik. Futbolçuları, mentallığı, buranın insanlarını tanımağa çalışmışıq. Bu müddətdə 12 məşqimiz olub. Bütün milli komandalar kimi normal ritmdə çalışmışıq. Futbolçulara inandırmağa çalışmışıq ki, həyatda nəyəsə nail olmaq üçün çox çalışmaq lazımdı. Qrupda reytinqə görə 4-cü komandayıq. Sabah uğurlu nəticə üçün çalışacağıq”.
Bu açıqlamadan sonra başverənlər hər kəsə bəllidi. Onları sadalamağa ehtiyac yoxdu. Amma De Byazi dəyişməyib. Jurnalistlər, ictimaiyyət onu günahkar sayan kimi reytinq söhbəti edir. İrlandiya ilə oyundan öncəki fikirlərə diqqət yetirək: “Üzərimdə qətiyyən təzyiq yoxdu. Artıq 30 illik təcrübəm var. Təzyiqi xoşlayıram. Bu baxımdan problem yoxdu. Düşünürəm ki, AFFA özü qərar verəcək, 14 ay ərzində nə etdiyimizə baxacaq. 16 oyundan 13-nü evdən kənarda keçirmişik. Bu, qeyri-adi situasiyadı. Amma komanda inkişaf edir. Bunu Dublində gördük. Rəqib FİFA-nın reytinqində 50-ci yerdədi. Bunu nəzərə alsaq, inkişaf etdiyimizi demək olar”.
Elə bu sitatın özündə təzadlı nüanslar var. De Byazi bildirir ki, komandada inkişaf var, amma rəqib reytinqdə 50-ci pillədədi. Yəqin italiyalı mütəxəssis dünya futbolunda baş verən proseslərdən xəbərdar deyil. İnkişaf edən komanda özündən üç-dörd baş üstün rəiqbləri məğlub edəndi. Məsələn, Moldova “Şerif”i. Dünya nəhənglərindən “Real”ı səfərdə udur, “Şaxtyor”a öz evində futbol dərsi keçir. Elə bizim “Qarabağ” Konfrans Liqasında özündən həm büdcə, həm də güc baxımından 3 dəfə böyük olan “Bazel”i qapısına sıxışdırmamışdı? İnkişaf edən komanda Ermənistan millisi kimi olar. İllərdi həm AÇ və DÇ-nin seçmə mərhələrində, həm də Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparır. İndi də Almaniya, Şimali Makedoniya, Rumıniya, İslandiya kimi yığmaların olduğu qrupda 3-cü pillədədi. Bizim milli komandadakı inkişafdısa, adlarını sadaladıqlarım nədi? Deyə bilərsiz ki, “Şerif”in nəticələri təsadüfdü. Ok, mən razı! Bəs “Qarabağ”? Ardıcıl 8 il avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanıb. Yaxşı daha sizsiz, orası da düzdü ki, klub və milli komanda fərqli anlayışlardı. Buna da razı. Amma siz də qəbul edin ki, De Byazi baş məşqçi olaraq heç vaxt çalışdığı klublarda birqəpiklik nəticə əldə etməyib. Amma Qurban Qurbanov? Yaxşı, o söhbətə də qayıtmayaq!
Bəs mənfur düşmənlərimizin futbolda inkişafı? Buna nə bəhanə gətirim? İqtisadiyyatı, ordusu bizdən dəfələrlə zəif olan bir ölkənin millisi necə inkişaf edir? Onların baş məşqçisi Xoakin Kaparros reytinq bəhanəsi etmədən necə DÇ-2022-nin seçmə mərhələsinin qrupunda 3-cü ola bilir? Yəqin buna bəhanəniz yoxdu, cənab De Byazi!
Deyirsiz ki, 16 qarşılaşmanın 13-nü səfərdə keçirmişik. Yəqin xəbəriniz yoxdu ki, artıq bu anlayış tarixdə qaldı. Bəli, statistika baxımından çox güclüsüz. Həqiqətən də Azərbaycan yığması İrlandiya ilə görüşə kimi 16 qarşılaşmadan 13-nü başqa ölkədə keçirib. Müharibə dövründə məcburiyyətdən neytral stadionda keçirdiyimiz Monteneqro və Cənubi Kipr milliləri ilə oyunlardakı qolsuz heç-heçələri sizə bağışlayırıq. Deyə bilərsiz ki, “yol yorğunluğu olduğu üçün yaxşı nəticə əldə edə bilmədik. Bu görüşlərdə qalib gələ bilərdik”. Amma həmin məsafəni rəqiblər də gəlmişdilər. Deyə bilərsiz ki, “azarkeş amilindən məhrum olduq”. Xub! Həmin dövrdə fanatlar koronavirus pandemiyası səbəbindən matçlara buraxılmırdı. Bunu çıxaq! Yenə də yaşınıza-başınıza hörmət olaraq həmin “ev” oyunlarındakı nəticələri sizə bağışlayırıq. Bəs BOS-da keçirdiyiniz 3 oyundakı məğlubiyyətləri necə edək? Millətlər Liqasında Lüksemburqa, DÇ-2022-nin seçmə mərhələsində Serbiyaya 1:2 hesabı ilə uduzduğunuz, Portuqaliyadan 3 top buraxdığınız matçları deyirəm. Onları necə edək, cənab De Byazi? Hamıya bəllidi ki, italiyalıların müdafiə futbolu çox güclüdü. Amma bir italyanın özünü bu qədər müdafiə etdiyinə ilk dəfə şahid oluram.
Deyirsiz ki, Mahir Emreli mən bura gələndən 16 oyunda 1 dəfə də fərqlənməyib. Amma Azərbaycan millisi niyə 1 futbolçunun oyunundan asılı olmalıdı ki? Qarşılaşmadan öncə belə bir açıqlama verib, son zamanlar parlaq oyun nümayiş etdirən forvardı basqıda saxlamağın səbəbi nədi?
Son olaraq, İrlandiyaya uduzandan sonra maraqlı açıqlama vermisiz. Gəlin, onu diqqətinizə çatdırım:
“Bu məğlubiyyətlər mənim imicimə ziyandı. Düşünürəm ki, səbr etmək lazımdı. Zaman lazımdı. Biz addım-addım irəliləməliyik. Sevindirici hal odu ki, bir neçə oyunçumuz xaricdə çıxış edir. Mən uduzmağa nifrət edirəm. Amma çalışacam ki, qarşıdakı oyunda yaxşı nəticə verək”.
Ay bəy, sizdən öncə milliyə rəhbərlik edən Qurban Qurbanov Millətlər Liqasında 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib, 1 oyunda məğlub olduğuna görə vəzifəsindən uzaqlaşdırıldı. Sizin kimi məğlubiyyətləri sıralayan, yalnız Xorvatiya ilə matçda heç-heçə edən Nikola Yurçeviç qovuldu. Amma sizə nədənsə ikinci tsikldi ki, dözülür. Düşünmürsüz ki, bu, sizin imicinizə görədi? Bura gəlməmişdən öncə imiciniz haqda düşünərdiz! İndi bu fikrə düşməyinizə səbəb nədi? Bəli, doğrudu ki, jurnalist sizə bu yöndə sual verdi. Bəs o zaman niyə zamanın lazım olduğunu deyirsiz? İmicinizə daha da ziyan vurmaq üçün? Deməzdiz ki, məğlubiyyətlər mənim imicimə ziyandı. Deyərdiz ki, bu məğlubiyyətlərə görə tsiklin sonundu öz imicimə ziyan vurmamaq üçün vəzifəmdən gedəcəm. Belə bir fikrə düşərsiz? Təbii ki, yox! Kim bal gələn barmağı yalamaz?!
İLKİN SULTANLI