
Premyer-liqa / Manşet
304
12.10.2021, 18:13
AFFA istifadəyə yararsız topları dəyişəcək
Xəbər verdiyimiz kimi, AFFA ilə tərəfdaşı “Nike” arasında mövcud əməkdaşlığa əsasən premyer-liqanın hər bir komandasına istifadə üçün təqdim olunan 50 ədəd topda problem çıxıb. Bu səbəbdən də bir neçə klub topları geri qaytarmaq niyyəti ilə assosiasiyaya müraciət edib.
Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya müraciət etmişdik. Qurum rəsmisi bununla bağlı məlumatının olmadığını, informasiya əldə etdikdən sonra ətraflı açıqlama verəcəyini bildirmişdi. Onunla yenidən əlaqə saxladıqda xəbəri təsdiq etdi:
“Bəli, doğrudan da, toplarda problemlər çıxıb. Bu səbəbdən də bir sıra klublar federasiyaya müraciət edib. Yenə deyirəm, topları AFFA istehsal etmir. Əməkdaşlıq etdiyimiz “Nike” şirkətinin məhsullarını klublara təqdim etmişik. Problem topların “ağzında” imiş, bəziləri hava buraxırmış. Klublar bu məsələyə görə narahat olmasınlar. Kimdə belə problem varsa, AFFA-ya müraciət edib, yeni toplarla təmin oluna bilər”.
İLKİN SULTANLI