Canni de Byazinin çalışdırdığı yığma ötən şənbə növbəti dəfə bizi məyus etdi.
Hər seçmə mərhələdən əvvəl şansları dəyərləndirir, bu dəfə əvvəlkindən daha yaxşı olacağı ümidi ilə yola çıxırıq. Ancaq sonda heç nəyin dəyişmədəyini, 20-25 əvvəlki kimi yenə qrup sonuncusu olmamaq uğrunda mübarizə aparacığımızı anlayırıq. Belə-belə millidə nəsillər, baş məşqçislər dəyişir və hər gələn nəsil özündən əvvəlkilərə rəhmət oxutdurur. Dəyişməyən isə inkişafdan geri qalan futbolumuzdu. Millinin sonuncu oyunu ilə bağlı bu dəfə veteran futbolçu, 57 matçda yığmanın şərəfini qorumuş Vaqif Cavadovla söhbətləşdik.
- Yığmanın İrlandiya ilə oyunu barədə fikirlərini bilmək istərdim.
- Böyükhesablı məğlubiyyət heç kimi qane edə bilməz. Bu oyun ortaya bəzi suallar çıxardı ki, onlardan biri də müdafiə ilə bağlıdı. Nəyə görə bütün tsikli 5-li müdafiə ilə oynayan komanda İrlandiya ilə görüşdə 4 müdafiəçiylə meydana çıxdı? Bu İrlandiya ilə artıq ikinci görüş idi və bu üzdən rəqibi də yaxşı tanıyırsan. Bilirsən ki, Stiven Kenninin çalışdırdığıl komanda sürətli hücum qurmağı bacarır, hava ötürmələrində təhlükəli olur. Baş məşqçinin bu qərarı mənə qaranlıq qaldı.Yenə əvvəlki oyunlarda olduğu kimi müdafiədən hücuma çıxa bilmirdik və ya çox ləng çıxırdıq. Belədə İrlandiya bizi ikinci zonada qarşılaşmaqda çətinlik çəkmirdi. Künc zərbələrindən istifadə edə bilməməyimiz isə ayrıca müzakirə olunmalıdı. Hamı bilir ki, irlandiyalılar hava ötürmələrində bizdən bir baş üstündülər. Buraxdığımız iki qolu da bizə məhz belə vurdular. Ancaq nədənsə komandamız “standart”ı yerlə başlamaq əvəzinə ancaq cərimə meydançasına asma etməyi lazım bilirdi. Bu isə irlandlar üçün “asan yem” idi. Boyda rəqibə uduzuruq, ancaq yenə hava topları ilə oynayırıq. Sizcə, bu absurd deyil? Fikrimcə, nəinki yığma, baş məşqçi də oyuna hazır deyildi. Bir də matçdan sonra mətbuat konfransında De Byazinin söylədikləri məni təəccübləndirdi. Adama konkret sual verilir, o isə cavab vermək əvəzinə başqa şeylərdən danışır. 0:3 hesabıyla uduzan komandanın baş məşqçisinin “yaxşı oynadıq” deməsi, məncə, uğursuz zarafatdı. İtalyan mütəxəssis bura yeni gələndə “yaxşı futbolçular var, müəyyən işlər görə bilərik” demişdi. İndi isə reytinqi qabardır, İrlandiyanın ilk “50-lik”də olduğunu bildirir. Guya bir il əvvəl vəziyyət fərqli idi? Açığı, İrlandiya ilə oyundan sonra verdiyi açıqlamaları baş məşqçiyə yaraşdırmadım.
- De Byzai tez-tez Albaniya yığmasında çalışdığı dönəmi xatırlayır. İrlandiya ilə qarşılaşmadan sonra “Albaniyada da ilk tsikldə uğursuzluq yaşadım. Sonra isə hər şey alındı” dedi. Sənə elə gəlmir ki, italyan belə deməklə müqaviləsinin müddətini bir qədər də uzatmaq istəyir?
- Bununla bağlı heç nə deyə bilmərəm. Futbolda belə nüanslar var. İtalyan mütəxəssisin sözlərində həqiqət payı yetərincədi. Ancaq onun geridə qalan müddətdə burda gördüyü işlərə diqqət etmək lazımdı. O bura gəldiyi ilk vaxtlarda bir söz, indi isə başqa söz danışır. Ona görə fikirləşmək lazımdı ki, De Byazi bizə uyğun məşqçidi, ya yox? Təbii ki, bu haqda qərarı rəhbərlik verəcək. Məncə, futbolu bilən istənilən mütəxəssis onun burda gördüyü işlərdən narazıdı.
- Suala dəqiq cavab vermədin. Sənin fikrincə, italyan məşqçi ilə yeni müqavilə bağlanmalıdı, yoxsa yeni çalışdırıcı axtarışına çıxmaq lazımdı?
- Heç şübhəsiz, bu məsələdə nəticə həlledicidi. İrlandiya ilə oyundan sonra “biz yaxşı oynadıq, ancaq 0:3 hesabı ilə uduzduq” deyir. Fikrimcə, yaxşı oyun olsaydı, baş məşqçi bu qədər tənqid olunmazdı. İndi nə oyun var, nə də nəticə. Mən də yığmada oynayan zaman uduzduğumuz matçlar olub. Məğlub olmağımıza baxmayaraq, oyun planında heç də pis təsir bağışlamamışıq. Məhz yaxşı oynadığımıza görə azarkeşlər həmin məğlubiyyəti bizə bağışlayıblar, meydandan alqışla yola salıblar. Mən oynadığım vaxtda da yığma nə böyük turnirlərin final mərhələsinə qatılıb, nə də böyük uğura imza atıb. Sadəcə, bizim nəsil indiki ilə müqayisədə daha maraqlı oynayırdı, meydanda daha ürəklə mübarizə aparırdı. Yenə deyirəm, indi yığma nə baxımlı oynayır, nə də nəticə qazanır. Pis oynayıb nəticə qazansa, yenə hər şeyi keçmək olar. Hazırda ortada heç nə yoxdu.
- Bu seçmə mərhələni də itirilmiş saymaq olar. Futbolumuzun gələcəyini necə görürsən?
- Futbolumuzun dəyişməsini istəyiriksə, uşaq futboluna diqqət ayırmaq lazımdı. Yalandan “futbolumuz inkişaf edir” söyləyirik. Bunu deyən yoldaşlar bir gün gəlib AFFA-nın keçirdiyi liqalara baxsınlar. Onda görəcəklər ki, uşaq futbolunda durum necədi. Belə münasibətlə gələcək olmayacaq. U-10 liqasından tutmuş üzüyuxarı – daha böyük quplarda vəziyyət acınacaqlıdı. Uşaqların geyimlərinə baxsınlar, qidalanmaya fikir versinlər. Deyəcəklər ki, necə olur Braziliyada heç nə olmaya-olmaya, bu qədər futbolçu çıxır? Onlarda başqa mentallıqdı, Braziliyada daim istidi, səhərdən axşama kimi dəniz kənarında futbol oynayılar. Bir şortikləri olsa, bəs edir. Heç buts, idman ayaqqabısı da tələb olunmur. Bizdə isə hər şey fərqlidi. Neçə vaxtdı məşqçi kurslarına qatılıram və məşlərdə iştirak edirəm. Gördüklərim, uşaq futbolunun durumu məni şoka salıb. İndi bu çatışmazlıqları aradan qaldırmasaq, kiçik yaşda futbola üz tutan uşaqlara düzgün istiqamət verməsək, futbolumuz bundan da pis günə düşəcək.
RƏŞAD