İspaniya La Liqasının prezidenti Xavyer Tebas son günlərdə çox, amma maraqlı danışır.
Onun son müsahibəsini də oxumağa dəyər. Tebas əvvəlcə FİFA-nın iki ildən bir dünya çempionatı keçirmək ideysına toxunub.
– Klublararası dünya çempionatını keçirmək üçün İnfantinoya 2,4 milyard dollar lazım idi. Bazarda bu pulu tapmaq mümkün olmadı – cəmi 700 milyon var idi. Məhz bu üzdən, yəni layihəni maliyyələşdirmək üçün dünya çempionatını iki ildən bir keçrirmək istəyir. Elə klublararası dünya çempionatını da iki ildən bir – yanvarda keçirmək və yayın paketini 25 illiyə satmaq istəyir.
- Buna qarşı necə çıxacaqsız?
- Futbolçulara pulu klublar, liqalar ödəyir, liqalarda futbolçuların həmkarlar ittifaqı ilə kollektiv müqavilələr var. FİFA hər həftə dünya çempionatı keçirməyi istəyə bilər, ancaq milli liqalar buna yol verməzlər.
- FİFA səsvermədə istəyinə çatsa, nə edəcəksiz?
- Bu qərarı iqnor edəcəyik. Çünki belə qərar Avropa futbolunun iqtisadi sistemini dağıdar. Bu şıltaqlıq deyil. İnfantino hər şeyi dərindən düşünməlidi. UEFA, KONMEBOL və liqalar bunun əleyhinə çıxır. Belə fikir ayrılıqları doğuran layihə hazırlamaq böyük səhvdi.
- La Liqada dünyanın ən yaxşı iki futbolçusu – Messi və Ronaldo var idi. İndi onlar yoxdu.
– Bu oyunçuların gedəcəyini bilirdik – ya yaşa görə, ya da başqa səbəblərdən. Turnirin teleyayın hüququnun satışı adlardan asılı deyil. Yenicə La Liqanın ABŞ-da yayın hüququnu 8 illiyə satmışıq. 5 ildən sonra La Liqada kimlərin oynayacağını bilən varmı? Burda həmişə əla futbolçular olub. Mənim üçün Benzema Avropanın ən yaxşı 9 nömrəsidi. Həqiqətən də bədbinlik üçün əsas yoxdu.
- “Barselona”nın maliyyə durumu haqda nə deyə bilərsiz?
- “Barsa”da məni iqtisadi durumdan daha çox idarəçilik böhranı narahat edir. Yeni rəhbərlik zibilləri əvvəlkinin üzərinə atır. Bizdə hesabatlar var. “Barsa” ölüm ayağında deyil. Əks halda 500 milyon avrodan artıq kredit (söhbət “Goldman Sachs”dan alınan kreditdən gedir - red.) ala bilməzdi. “Barsa”da hər şey faciəvi olmasa da, “Real”dakından pisdi.