Amerikalı MMA döyüşçüsü Castin Torntonun BKFC turnirində nokauta düşəndən sonra dünyasını dəyişməsi böyük əks-səda doğurub.
UFC prezidenti Dana Uayt bu mövzuda geniş açıqlama verib:
“Yumruq döyüşlərinin böyük fanatı deyilən. UFC-nin sabiq döyüşçülərinin ora yollandığını görəndə düşünürəm ki, ilahi, nə baş verir... Konkret UFC-ni götürsək, 25 il ərzində təşkil etdiyim 7 mindən artıq görüşdə döyüşçülər ciddi zədə almayıb. Bəli, bizdə də sınıq-çıxıqlar, zədələr olur. Döyüşçülərin sağlamlığı bizim üçün prioritetdi. Bax, yaxınlarda Orteqanın bizdəki döyüşündən dərhal sonra oktaqonun ona aid küncünə yaxınlaşıb, dedim ki, “müsahibə verməsini istəmirəm, bu adam dərhal həkimə yollanmalıdı, “təcili yardım” maşınına qoyun və xəstəxanaya aparın”. Ayrılanda görürəm ki, yenə də müsahibə verir. Döyüşçülərimizə tibbi xidmət üçün hər il 20 milyon dollardan artıq pul xərcləyirik. 20 milyondan artıq! Döyüşçülərimizin təxminən 25 faizini daha dərin analizlər üçün mütəxəssis yanına göndəririk. Məsələn, beynin tədqiqinin nəticəsi ilə bağlı anlaşılmaz nəsə varsa, həmin döyüşçünü dərhal o sahənin mütəxəssisinə yönəldirik. Ürəklə bağlı nəsə qaydasında deyilsə, döyüşçü kardioloq yanına yollanır. Ona görə böyük pullar xərcləyirik ki, döyüşçülərimizin istənilən problemindən anında xəbər tutaq. Bu 25 il ərzində döyüşöncəsi tibbi baxış sayəsində 10 nəfərdə həyati təhlükə daşıyan xəstəlik aşkarlanıb və belələrini yarışdan uzaqlaşdırmışıq. Amma onların yolu UFC-yə yox, başqa liqaya düşsəydi, ölə bilərdilər. Klivlenddəki beyin cərrahiyyəsi üzrə fəaliyyət göstərən institutu da unutmayın. Artıq 10 ildi həmin institutla çalışırıq, bizə döyüşçülərimizin sağlamlığını nəzarətdə saxlamaqda yardım edirlər. Heç kim və heç vaxt döyüşçülərin sağlamlığı üçün bizim qədər iş görməyib və görmür. Heç bundan sonra da görməyəcəklər”.
Xatırladaq ki, 38 yaşlı Tornton avqustun 20-də Missisipidə yalın əllə keçirdiyi döyüşün 19-cu saniyəsində nokauta düşərək bir daha özünə gəlməyib və oktyabrın 5-də müalicə aldığı hospitalda dünyasını dəyişib.