Gələn həftə Region Liqasının püşkü atılacaq
Demək olar ki, hər gün müxtəlif bölgələri təmsil edəcək komandaların yeni mövsümdən Region Liqasında çıxış edəcəyi ilə bağlı xəbərlər yayılır.
Ötən saylarımızın birində liqanın İşçi Qrupunun üzvü, eyni zamanda AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə əlaqə saxlayıb, yeni mövümdə Region Liqasında iştirak edəcək komandaların sayını dəqiqləşdirməyə çalışmışdıq. Ancaq Yusif bəy həmin vaxt sayın dəqiqləşmədiyini, oktyabrın 1-də bu suala dəqiq cavab vercəyini bildirmişdi.
Artıq onun dediyi vaxtdan bir həftə də ötüb. Dünən yenidən qeyd etdiyimiz məsələ ilə bağlı Vəliyevlə əlaqə saxladıq:
“Artıq qeydiyyat başa çatıb. Bu mövsüm liqada iştirak üçün müraciət edən komandalarla görüşlər keçiririk. Tələblərin yerinə yetirilib-yetirilmədiyi ilə bağlı dəqiqləşdirmə aparırıq. Məhz bu səbəbdən bu dəfə də sizə dəqiq say açıqlaya bilməyəcəm. Yalnız onu deyə bilərəm ki, komanda sayı 2019-cu ildən az olmayacaq. Yəni komanda sayının 25-30 civarında olacağı gözlənilir. Dəqiq sayı isə bir həftədən sonra açıqlayacağıq. Yeni mövsümdə liqada yeni komandalar olacaq ki, son günlər mətbuatda onların adları qeyd olunur. “Xan Lənkəran”, “İsmayıllı” və iştirakı hələ təsdiqlənməyən bir neçə komanda var ki, bütün sənədləri qaydasında olacağı təqdirdə onların da adlarını ictimaiyyətə açıqlayacağıq”.
Yusif bəy yeni mövsümdə çempionatın formatında heç bir dəyişikliyin olmayacağını da söylədi:
“Bildiyiniz kimi, Region Liqası zonalar üzrə keçirilir. Paytaxt və Şimal bir zonadı, digər zonalar Cənub, Mərkəz, Qərb, Şimal-Qərb və Naxçıvandı. Yarış Naxçıvan da daxil olmaqla ötənilki formatda təşkil olunacaq. Reqlamentdə hansısa dəyişiklik nəzərdə tutulmayıb. Yenə deyirəm, komandalarla görüşlər tam yekunlaşandan sonra qarşıdakı bir həftədə adlar açıqlanacaq. Yarışın startı bu ay ərzində nəzərdə tutulub. Oktyabrın ikinci ongünlüyündə püşkatma mərasimi olacaq".
RƏŞAD